AZAL: Bakı-İstanbul-Bakı xüsusi reyslərində COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir

0
205

“Azərbaycan Hava Yolları” (AZAL) iyunun 17-si və 18-də Bakı-İstanbul-Bakı istiqamətində xüsusi reyslər yerinə yetirəcək.

AZAL-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, uçuş zamanı qeydiyyat masasında COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir.

“Azərbaycan Hava Yolları”nın İstanbuldan Bakıya reyslərində COVID-19-a dair neqativ nəticə barədə arayışı etibarlı hesab edilən Türkiyə klinikalarının siyahısı genişləndirilib.

Laboratoriyaların tam siyahısı ilə burada tanış ola bilərsiniz: https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi

Bakıdan uçuş zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyaların verdiyi arayışlar etibarlı hesab olunur.

Hər iki halda test reysin uçuşundan ən gec 48 saat əvvəl verilməlidir.

Xatırladırıq ki, hər bir istiqamətdə reysə 150 sərnişin qəbul ediləcək. Bakı-İstanbul-Bakı istiqamətində reyslərə aviabilet satışı aviaşirkətin www.azal.az saytında açılacaq.

Bakı-İstanbul reysinə aviabiletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər.

İstanbul-Bakı reysinə yalnız Azərbaycan vətəndaşları buraxılacaq.