Sərt karantin rejiminin 5-ci günü. Küçələr dolu, nəqliyyat dolu – ellikcə bayırdayıq… COVİD-19 xəbərləri indi daha vahiməlidir – günlük yoluxma 600-ə çatıb. Həyəcanlanmamaq əldə deyil.

Qəribə durumla üzləşmişik – indiyə qədər xalq idarəetməni tənqid edirdi, indi idarəetmə xalqı məsuliyyətsizliyinə görə tənqid atəşinə tutub. “Qarşılıqlı ittihamlar yaradacaq məsələlərdə daha çox kimi məsuliyyət payı var” soruşsaq, yəqin çoxları “hakimiyyət” cavabını verər. Çünki hüquq belə deyir.
Vətəndaşı məsuliyyətsizlikdə tənqid edənlər sırasında Bakı Nəzliyyat Agentliyi ön sıralardadı. Bu lap “oğru elə bağırdı” məsələsini yada salır. Vətəndaşı avtobuslarda 2-si oturacaq olmaqla 5 sıraya düz, sonra de, məsuliyyətsizsiz…

COVİD-19 başlayandan ictimai nəqliyyatda sıxlıq məsələsi dəfələrlə gündəmə gətirilib. Özəlliklə pik saatlarda Bakıda və Bakıətrafı kənd və qəsəbələrə işləyən marşrutlar sözün əsl mənasında virus yuvasıdır. Karonavirusa yoluxmağın zirvəsinə çatdığımızı düşünsək, ürəklə deyə bilərik ki, BNA meyid daşıyır. İnkibasiya dönəminin 14 gün olduğunu nəzərə alın və bu yüksək yoluxma faizi baş verən günlərdə Bakıdakı avtobuslarda sərnişin sıxlığına baxın.
Bugündən salonda maskasız sərnişin olsa, sürücü ayağını qaza qoymayacaqmış. COVİD COVİD olanı belə ciddi mübarizə tədbiri görməyib. Aşırı mehribanlıq şəraitində yol gedən 70-80 nəfər insan maska taxsa nə olacaq, taxmasa nə olacaq?

BNA öncə karonavirusla effektiv mübarizə aparan ölkələrin təcrübəsinə baxıb iş prinsiplərinə ciddi korrektələr etsin. Ən birincisi avtobuslara 10 nəfərdən artıq sərnişin götürülməsin. Pik saatlar anlayışını virusun püskürdüyü günlərdə aradan qaldırmaq üçün statistika üzrə hökumətə iş saatlarının dəyişdirilməsi ilə bağlı müraciət etsin. Üçüncüsü, xəttə çıxan avtobuslarda temperatur həddi müəyyən edilsin. Hər gün sürücülərlə istidən boğulan sərnişinlər arasında kondinsioneri yandırmaq üstündə dava gedir.

Rəsmilər bu aralar ictimai qınaq məsələsindən çox danışır. Haqlıdırlar – məsuliyyətsiz insanları ictimai qınağa mütləq çəkməliyik. Yaxşı, bəs, ictimai tələbləri kim yerinə yetirəcək? Axı, 2 aydı hər kəs avtobuslarda qayda-qanun yaratmadan COVİD-19-la mübairzə aparmaq mümkün deyil, sıxlığı azaldın, temperaturu tənzimləyin, sıxlıq zamanı xəttə daha çox avtobus çıxmasına şərait yaradın deyir. Niyə eşidən yoxdur? Vətəndaşı məsuliyyətsizlikdə qınamaq bu işin ən asan tərəfidir.

Uzun illərdir Bakı iyun ayında belə əhali sıxlığı yaşamayıb. İyunun ikinci yarısında şəhərdə əməlli başlı seyrəklik yaranırdı – tələbələr, Bakıda mövsümü işləyənlərin ailələri bölgələrə qayıdır, şəhər əhalisinin ciddi bir hissəsi dincəlmək üçün daxildə və xaricdə istirahər bölgələrinə axışırdı. İndi ölkənin aşağı-yuxarı 40 faizi Bakıdadır. Niyə?

COVİD-19-un ən çox yayıldığı Bakıda bu qədər insanı məcburi saxlamaq xəstə sayını artırmaq üçün deyilsə, nə üçündür? Niyə insanlar kənddəki evlərinə gedə bilməzlər? 1 ay geri dönməməsi şərtilə xəstəliyin simptomları aşkar edilməyən şəxslərin bölgələrə getməsinin qarşısı niyə alınır? Karantin insanların bir-birindən təcrid olunması üçündürsə, qələbəlik yerlərin seyrəldilməsi birinci vəzifə olmalı deyilmi?
Bakını bu qədər yükləmək ciddi enerji problemi, su problemi yaradacaq. Şəhər həyatında yarana biləcək problemlərin çoxunun qarşısını sadəcə şəhərin insan yükünü azaltmaqla çözmək olar. Bunun üçün nə Arximed, nə Vanqa olmağa ehtiyac yoxdur.

Sosial şəbəkələrdə şəhərdən paylaşılan şəkillər gerçəkdən yaxın həftələrdə ölkədəki durumun vahimilə olacağını sübut edir – marketlər dolu, apteklər dolu, məhəllə dükanları “ağzına qədər” insan… Hələ boynumuza almağı gələn həftəyə saxladığımız tibb xidmətinin iflası – Təcili Tibbi Yardım 2-3 həftə öncə çağırışa saatlar sonra gəlirdilərsə, indi günlər sonra da çatdıra bilmirlər. Xəstəxanalarda yer və həkim yoxdur. TTY-dən xəstəxanaya aparılmağı israrla tələb edən vətəndaş ən yaxşı halda Olimpiya Kəndinə yerləşdirilə bilər.
Düşündükcə, danışdıqca, ümidsizliyin dibinə enir insan. Axı, 2-3 ay öncə özümüzü öldürürdük – bayıra çıxmayın, yasa getməyin, nişan, ad günü dəlilikdir – keçirməyin, 1 məsuliyyətsiz 300-500 adamı xəstələndirəcək. Cəmiyyət olaraq məsuliyyətsizik.

“Çalışın xəstələnməyin” artıq dünənin arzusudur, artıq “çalışın sağ qalın”in zamanı gəldi.

Aygün Muradxanlı
25.06.20