Durum Yasamalcadır

0
289

Bax, indi məhz onlar dövriyyəyə girməli idilər – vətəndaş cəmiyyəti institutları. Yeri gələndə təftişçi, yeri gələndə nəzarətçi, bəzən barışdırıcı, hər zaman tələbkar şəffaf mühit yaradıcıları. Ancaq ölkədəki bir çox institutlar kimi Azərbaycanın vətəndaş cəmiyyətinin özü də yarımcandı, sudan çıxmış balıq kimi bir sehirli əlin onu yenidən dəryaya atmasını gözləyir.
Söhbət adları rəhbərlərindən, mühasiblərindən və çətiri altına sığındıqları yüksək rütbəli məmurlardan başqa heç kimə bəlli olmayan QHT-lərdən getmir. Bu gün Azərbaycana gərək olan obrazlı desək, ayaqlarına uzunboğaz rezin çəkmə geyinib cəmiyyəti düşdüyü bataqlıqdan xilas etmək üçün gücünü əsirgəməyən vətəndaş cəmiyyəti institutlarıdır. Amma onlar meydanda görünmürlər…
Polislə vətəndaş arasında Yasamalda baş verən gərginlikdən sonra bu boşluq daha aydın hiss olunmağa başlayıb. 1 məsuliyyətsiz vətəndaşın qaydaları saya salmaması polisin var qüvvəsini işə salıb, ortaya bir qisasçılıq mənzərəsi çıxıb, COVİD-19-un gərginləşdirdiyi əsəbləri bir qədər də tarıma çəkib. Çox arzuolunmazdır, amma reallıqdır.
Qarşıdakı 2 gündə yenə sərt karantindəyik. Arzuolunmaz olayların baş verməyəcəyinin təminatı yoxdur – tərəflərin heç biri geri çəkilmiş kimi görünmür. Vətəndaş özünü haqlı saydığı kimi, polis də haqq etdiyini düşünür.
Karantinə saatlar qalmış Bakını tərk edib təbiət qoynuna axışan minlərlə insan yenə polislə üz-üzə gəldi. Sosial şəbəkələr yenə polislə tıxacdan yorulan sürücülər, sərnişinlərin arasında yaşanan gərginlik səhnələrindən videogörüntülərlə dolub daşdı. Bir də sübut olundu ki, ötən 5 gündə nə vətəndaş “özünə qoyulub”, nə polis. İnsanlar qadağan olunsa da özlərini Bakıda dışarı atmaq, polis də qaba-qaba “nə çəkirsən əəə” ritorikasını dönə-dönə təkrarlamaq modundan çıxmayıb. Durum Yasamalcadır.
Necə də yeri görünür vətəndaş cəmiyyəti institutlarının… Vətəndaşla məmur arasında körpü rolu oynamaq, əsəblərin gərginliyini müzakirə masalarında azaltmaq üçün. Ancaq susqunluqdur…
Səbəblər haqqında çox danışmaq olar. Azərbaycan hökumətinin xaricdən maliyyələşən qurumların işindən narazı qalıb prosesi öz nəzarətində saxlamaq üçün prezident yanında xüsusi dəstək fondu yaratmasından, bu siyasətin vətəndaş cəmiyyəti qurumlarının sayını artırsa da, məqsədə heç cür çata bilməməsindən, əlində səlahiyyət olan şəxslərin öz yaxınlarına QHT “süfrəsi”nin kənarında zor-xoş yer eləməsindən, həmin “gülməşəkərlər”in yağlı tikələri yeyəndən sonra arxası üstə hərəkətsiz qalmasına qədər çox şeydən. Danışsaq, nə dəyişəcək ki? Ciddi büdcələr cəmiyyət üçün səkkizinci dərəcəli problemlərə özəl layihələrdən hər gün, hamımızı rahatsız edən layihələrin maliyyələşdirilməsinə yönləndiriləcək? Kim inanar?
Həyat səviyyəsinə qibtə elədiyimiz Avropa ölkələrində hər vətəndaş azı 16-18 vətəndaş cəmiyyəti institutunun üzvü olur. Bəlkə 2000-ci illərdən başladığı xəttlə davam etsəydi, bu gün Azərbaycanda da vətəndaşlar 3-5 QHT-nin üzvü olardılar, vətəndaş mövqeyi sərgiləyər, hökumətin yükünü, vətəndaşın məsuliyyətini artırardılar. Biz var olanı məhv edib, yerindən ondan da eybəcərini və lazımsızını yaratdıq. Sonucda – ölkədə minlərlə QHT var, çoxu susqun, hamısı asılı.
QHT-ləri “qrantyeyən maşın” qəlibindən çıxarıb “cəmiyyətin həkimi” obrazına salmaq zamanı çoxdan gəlib. Gecikmişik. Amma dönüş mümkündür. Dövranı dəyişmək istəyən olsa.

Aygün Muradxanlı
14.06.2020, Bakı