Hər vətəndaşa bir media

0
361

Azərbaycanda COVİD-19-la mübarizə tədbirlərinin gözlənilən nəticəni verməməsinin səbəbləri sırasında əsas yerlərdən birini vətəndaşla təmasın düzgün qurulmaması tutur. Mart ayından başlanan proses göstərir ki, ənənəvi media üzərindən aparılan təbliğata etimad olduqca aşağıdır. İnsanlar uzun illər efir siyasətini doğrulardan uzaqda quran telekanallara da, gözə kül üfürən çap mediasına da təbii olaraq inanmırlar.

Son 10 ildə həyatımıza daxil olan və xəbərləşmənin əsas yükünü çəkən internet portallarına inam televiziya və qəzetlərə nisbətən çoxdur. Axır çağların trendi internet televiziyaları isə getdikcə daha çox populyarlıq qazanır. Artıq insanları bahalı studiyalardan ütülü ifadələrlə, ya da “qırmızı kanal”lardan söyüş estetikasına söykənən tərəfli təhlillərlə ekrana kilidləmək mümkün deyil. Gerçəklər ən bəsit texniki imkanlarla çatdırılıranda da seyirçi smartfonun ekranından gözünü çəkmir.

Əslində baş verənlər uzun illər davam edən media siyasətinin iflası deməkdir. Telekanallara, hakimiyyətə yaxın və daha sonra yaxınlaşdırılan mediaya xərclənən milyonlarla vəsait faktiki olaraq havaya uçurulub. Ancaq söhbət yalnız puldan getmir. Xüsusən telekanallar sayəsində Azərbaycan hökuməti əsas işlərindən birini – müstəqil dövlət üçün vətəndaş yetişdirməyi elə axsadıb ki, indi bu itmiş kələfin ucundan tutub açmağa illər lazımdır.

Televiziyaların kütləvi şoulaşdırılması ölkənin az-çox məlumatlı və dünyaya açıq əhalisinin teleməkanla bağlarını birdəfəlik qırıb, məhdud dünya görüşlüləri isə məqsədsiz, hədəfsiz kütləyə çevirib. Dərindən baxanda uzun illər aparılan media siyasətinin ən ağır zərbəsi elə hakimiyyətin özünə dəyib – mediadan o qədər yalan üfürülüb ki, indi dünyanı başına götürən vahiməli COVİD-19-la bağlı rəsmi medianın səsləndirdiyi həqiqətlərə də inanan yoxdur. “Televiziya düz demir”, “ görəsən nə işlərinə yarayır ki, belə deyirlər” düşüncələri – insanların alt şüurunda özünə gen bol yer salıb. Yaxın gələcəkdə durumun dəyişəcəyini gözləmək yersizdir.

Paradoks həm də ondandır ki, hakimiyyət ən azı COVİD-19 fonunda bu siyasətin yanlışlığını çox aydın görsə də heç bir korrektə haqqında düşünmür. Olsaydı, görərdik… Nəticədə çox az adamın baxdığı və baxsa da etimad etmədiyi telekanallarda COVİD-lə “effektiv mübarizəyə gərə hakimiyyətə təşəkkür” məktubları oxunur. Lap Brejnev dönəmi Sovetlər Birliyində olduğu kimi… Axı, qızdırması qalxanda Təcili Tibbi Yardımı 3 gün gözləyən, xəstəxanalarda yer tapmayan, tapsa da arzuolunan tibb xidməti ala bilməyən, işsizlik, bahalıq, bilinməzlik depressiyasında çabalayan vətəndaş niyə təşəkkür etməlidir? Bu gün hakimiyyətlə vətəndaş arasında bağları möhkəmləndirməyə çox ciddi ehtiyac olduğu zamanda bu “ayı xidməti” kimin qafasının məhsuludur? Əksinə, çatışmazlıqları göstərib onların çözülməsini tezləşdirməklə idarəetməyə gerçək təşəkkürlər qazandırmaq olmazmı?

Çıxış yolları təbii yox deyil. Bunun üçün öncə hakimiyyəti xalqın həyat tərzi ilə tanış etmək lazımdır. Bəli… Məhz tanış etmək. Çünki, pandemiya elan olunandan və karantin qərarları veriləndən idarəetmənin vətəndaşın həyatından xəbərsiz olduğu dəfələrlə sübut olunub. Bu məsələdə yenə yük medianın üzərinə düşəcək. Yetər ki, hakimiyyət basqını azaltsın, tənqidi mediaya meydan versin.

İndi dönəm o dönəmdir ki, biz cəmiyyət olaraq əksikliklərimizi birlikdə ortaya çıxarıb, yaralarımızı sarmağa çalışmalıyıq. Dünyanın bütünlüklə yeniləndiyi dönəmdə boğazdan yuxarı olduğu heç bir şübhə doğurmayan tərif daha öncəkilər kimi, sadəcə ürək bulandırıb ikrah yaratmır, həm də çox ciddi aqressiya doğurur. Söhbət COVİD-19-dan gedirsə, təbliğatın “filan ünlü xəstələndi, hökumət nəzarətə götürdü” tipli xəbərlər üzərində qurulmasından əl çəkmək gərəkdir, cənablar. Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşan qəhrəman qazilərimiz aptek borclarını aylarla bağlaya bilmirsə, bugünün “ünlü” kateqoriyasına aid edilən şəxslərə xüsusi imtiyazlar verilməsi təbii, qıcıq yaradacaq. Bu gün hər vətəndaş COVİD-19-la bağlı dövlətin qayğısını üzərinə hiss eləməlidir. Etsə, məsuliyyətli olacaq, etsə, biz şəhər, cəmiyyət, ölkə olaraq bu bəladan daha tez qurtulacağıq.

Medianın tənqidə açılmasının xaos yaradacağını düşünənlər də yanılır. Biz indi doğruları gizlətməklə xaosa doğru sürüklənirik. “Hər kəsin əlində bir telefon, nə istəyir çəkir, yayır” məsələsinə etiraz edənlər bir məsələni unutmasınlar – dünyada vətəndaş jurnalistikası adını alan bu tendensiya mediası asılı olan ölkələrdə geniş yayılıb. Telekanallar, qəzetlər gerçəyi söyləsə, əyər-əskiyi göstərsə, vətəndaşın özünü hədəfə çıxarmasına ehtiyac olmaz ki… Əgər yerinə yetirmirsə, yeni mexanizm işə düşəcək, təbii.

Biz media sahəsində peşəkarlığın dibinə enmişik. İçimizdəki, dışımızdakı senzorlar biləyimizi, dilimizi qılınclayıb. Demək, vətəndaş mediası həm də ənənəvi media üçün yeni nəfəsdir. Çağın sosial şəbəkə kimi sərhədsiz xəbərləşmə məkanı varsa, hər birimiz bəlalarımızın kökündə dayanan açıq cəmiyyət əksilkiyini aradan qaldırmaq üçün addımlar atmalıyıq. Gördüyümüz naqislikləri qərəzsiz şəkildə məsul şəxslərə çatdırmağa çalışmalıyıq. Vətəndaş mediası günün birində medianı da əsl vətəndaş mövqeyinə gətirər.

Aygün Muradxanlı
23.06.20