Ev Ölkə Kaş bu gün, bu dəmdə, olaydım... Nardaranda

Kaş bu gün, bu dəmdə, olaydım… Nardaranda

I yazı

Adından göründüyü kimi, bu yazı nə rəqib qapısına qol vuran ünlü futbolçular iki dizlərini qazona atıb xaç çevirəndə gözləri dolan, amma İslam dinindən söz düşəndə ağız büzən, nə də oğluna “kiçik toy” edib qonaqlarını “düüd” deyincə içirdən musurmanlar üçündür. Təsvirdə kim özünü gördüsə, qiymətli zamanını boşuna xərcləməsin. Biz düşüncə ortaqlarımızla davam edək…

Bir az uzaqdan başlayım – uşaqlığımdan. Bu gecə – Aşura axşamı Şamü-qəribanda indi olmasın, nənəmlə Nardaran pirinə gedərdik. Göy köynəkli, qırmızı furajkalı milislərin yanından keçib torpaq yolla əhli-beytdən 7-ci imam Rzanın bacısı, 8-ci əsrdə ərəblərin əlindən qurtulub bacısı ilə Bakıya sığınan Rəhimə xanımın məzarı üzərində əhəng daşından tikilən yastı türbəyə yaxınlaşardıq. Yüzlərlə insan olardı orda. Sıra ilə məqbərənin tağlı, alçaq qapısından girib Rəhimə xanımı və zövcəsini ziyarət edərdik. İçəridə yerdə oturub ayaqlarının üzərinə döşəkağı sərən qadınlar asta, yanıqlı səslə mərsiyə deyərdilər. Biz də hərdən oturardıq orda.

“Necə qan ağlamasın daş bu günə,
Kəsilib 72 baş bu gün”…

Deyilişlərdə, oxunuşlarda fars ləhcəsi, aşırı zarıltıya bənzər fars avazı əsla hiss edilməzdi. İmam Hüseyn üçün elə öz dilimizdə ağlaşma qurulardı. Mollabacının ardınca qadın xoru sinələrinə, dizlərinə astadan vuraraq beytləri təkrarlayardı. Əsl sinə vurmaq ertəsi gün olacaqdı, bu, sanki sabahkı havaya “düşmək” üçün hazırlıq idi. Mərsiyyələr, nohələr bir-birini əvəz etdikcə, onları oxuyanlar, dinləyənlər də dəyişərdilər. İnsanlar təziyəyə daha çox insanın qatılmasına şərait yaratmaq üçün 15-20 dəqiqədən sonra kiçik hücrəni tərk edən, yerlərini başqalarına verərdilər. Amma qətl sınana qədər evinə dönməyənlər də olurdu.

Çıxışda türbənin ətrafında 7 dövrə vurar, sonda hisdən qaralmış divarında şam yandırardıq. Dövrələri mütləq mən sayardım. Amma mənimçün orda ən maraqlı olan nənəmin niyyət edib yandırdığı şamı divardakı saysız-hesabsız şamların sırasına səliqə ilə yapışdırmaq idi. Elə bilirdim, şam yandırmaqla hekayəsini onun anlatdığı qədər bildiyim İmam Hüseyn müsibətində haqq olanların yanında yer alıram.

Çoxlu tanışlar görərdik orda. Qonşularımızı, qohumlarımızı, qohumlarımızın qonşularını. Salamdan dərhal sonra hamı bir-birinə “Allah əcr versin” deyərdi. Nəzir deyənlər halvayuxa, halvaçörək paylayardılar. Rituallardan biri də pirin həyətindəki quyudan su içmək idi. Parçı yerə qoyanda hər kəs “Yezidə lənət” oxuyardı.

Onda yaşlı bakılı qadınların çoxu, qara çarşab örtərdilər. İndiki İranvari, ərəbvari örtüyə bənzəmirdi o. Qara, parıltılı çarşabın “ətək”lərini iki qollarının üstünə atar, sonra əlləri ilə çənələrinin altındakı hissəni tutardılar ki, sürüşüb başlarından düşməsin. Heç paltarlarının balağı da indiki hicablılar kimi yer süpürmürdü. Eşitmişdim ki, Naxçıvan xanımları Bakılıların əksinə ağ çarşab, şal örtürlər. Sovet televiziyalarında belə şeylər göstərmirdilər deyə, ancaq tanış-bilişdən, görənlərdən eşidirdik.

Nənəm çarşabsız idi. O, ya tirmə, ya da qara, üzəri ipək sapla işləməli şalla gəzirdi. Xanımlar örtüklərini hər düzəldəndə o dönəm qadınların ən çox işlətdiyi “Krasnaya Moskva” ətrinin qoxusu ətrafa yayılırdı. Ətrafı elə bütün mənalarda “qırmızı Moskva” sarsa da Moskvanın əmrində olan milislər İmam Hüseyn məclisinə gələnləri nə qovurdular, nə incidirdilər. Bir məktəb yaşlı uşaqlar tək gələndə onları geri qaytarırdılar. Pirin həyətində də nə çox “nenə-boba”, bir dövrə vurub qoşulub birinə keçirdilər içəri. Qollara mətəm əlaməti nazik qara parça bağlanardı – bilərzik kimi. Məsciddə, pirdə təziyədə olanları biləklərindəki qaralardan tanıyırdıq.

Hər il Aşuradan qabaq “hökumət işində” işləyənlərə məscidlərdə, pirlərdə görünməmək xəbərdarlığı edilirdi. Ona görə, məmur-filan az görünərdi oralarda. Gələn olsa da, onları saxlayıb, televiziyanın “bu pirə, məscidə gedib” reportajında baş rola çəkmirdilər. Hətta eşidirdik ki, kommunist liderlər də əza günlərində pirə nəzir göndərirlər. Gah deyirdilər, sürücüləri gətirir, gah deyirdilər, qohumları.

Pirin yerləşdiyi qəbristanlığın darvazasından çıxıb geri dönən axına qarışar, havanı bürüyən hədik qoxusunu yara-yara evimizə yol alardıq. Milislər bütün yola nəzarət edirdilər. “Sirenalar”la əhalini narahat etmədən, dəyənəkləri vətəndaşın gözünə batırmadan. Vəziyyətə əsas nəzarət həm də qılıncının dalı-qabağı kəsən “KQB”də idi.
“İmamın üçü”nə qədər Nardaran pirinə axın azalmırdı. Qələbəlik bir də “40-da” görünürdü. Onda biz ateist bir rejimin idarəsi altında yaşayırdıq. Üstündən az qala 40 il keçib, indi biz müstəqil Azərbaycanın vətəndaşlarıyıq. Ancaq Nardaran pirinə gedə bilmirik.

İllərdir tolerantlığımız haqqında az qala özümüzün də inanacağımız nağıllar uydurmuşuq. Burda pravoslav da, katolik də, lüteran da, musəvi də, bəhai də, atəşpərəst də bizdən, bu ölkəni dövlət, bu torpağı Vətən edənlərdən inanc məsələsində daha azaddır. Niyələr, çünkilər haqqında düşündüklərimi ikinci yazıda yazacam…

Aygün Muradxanlı
30.08.2020

Must Read

RESEPT

Ötən gün mühacirətdə olan Qurban Məmmədov, Tural Sadıqlı, Orduxan Bəbirov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev barəsində beynəlxalq axtarış elan edilib, qərarın icrası Daxili...

Siyasət yanlışı sevmir

Üzü payıza siyasi proseslərin sürətlənəcəyi yazdan danışılırdı. 9 fevral parlement seçkisində baş verənlərdən sonra ölkədə hakimiyyətdaxili mübarizənin getdikcə güclənəcəyi, siyasi səhnədə yeni qüvvələrin daha...

“Traktur” – türklərin iftixarı

Futbol üzrə Azərbaycan Milli Komandasının Lüksemburq Milli Komandasına uduzması azarkeşləri möhkəm qəzəbləndirib. Azərbaycan futboluna qınaq, tənə bir-birinə qarışıb. Ölkənin futboldan birdəfəlik “əl çəkməsini”, şahmatdakı...

Sıradan çıxan əyləc

Siyasi idarəetmədəki dəyişikliklər, özəlliklə hakimiyyət vitrininin yenilənməsi bəzi qaranlıq məsələlərə işıq tutmağa başlayıb. Daha dəqiqi, şahidi olduğumuz, lakin zamanında an-lamağa çətinlik çəkdiyimiz Azərbaycan üçün...

Gülən Azərbaycana pul göndərir…mi?

Ötən həftə Türkiyə mediası ABŞ Federal Təhqiqatlar Bürosunun Ohayo və İllinoys şatlarında “Gülən” cameəsinin lideri Fətullah Gülənə yaxın şəxslərlə bağlı eynizamanlı əməliyyat keçirməsi xəbərini...