Ev Blog

RESEPT

0

Ötən gün mühacirətdə olan Qurban Məmmədov, Tural Sadıqlı, Orduxan Bəbirov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev barəsində beynəlxalq axtarış elan edilib, qərarın icrası Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, “İnterpol”un Milli Mərkəzinə tapşırılıb. Bu haqda rəsmi xəbərdə bildirilir ki, intensiv istintaq tədbirləri gedir, adı çəkilən şəxslərin saxlanaraq Azərbaycana gətirilməsi və mühakimə edilmələri üçün bütün tədbirlər görüləcək. Anlaşılan, hökumət ölkədən kənardakı söyüş kampaniyasına ciddi savaş açıb.
Kimlərsə məsələni söz azadlığına basqı kimi dəyərləndirməyə çalışırlar. Burda bir STOP! Bu sətirləri yaza-yaza Tural Sadıqlının FB profilindən idarə etdiyi Azad Söz internet telekanalının Bakı müxbirinin Tofiq Yaqublunun müdafiə piketinin dağıdılması kadrlarına baxıram. Sual yaranır? Azərbaycanda rənglər bu qədər tünddürsə, niyə Tural Sadıqlının, eləcə də özəyi xaricdə olan media resurslarının müxbirləri burda azad işləyə bilir, niyə o gəncləri özlərinin dili ilə desək, “rejimin” tapdağına verirlər?

Bu məsələnin bir tərəfidir. İkinci bir tərəf… O qədər də uzaq olmayan tarixlərdə mühacirətdə getmiş, özü hansısa dövlətin 600-700 avro müavinətilə mühacir evlərində yaşamalı olan insanlar hansı resurslarla Azərbaycanda bu qədər müxbir saxlayırlar? Axı, sığındıqları ölkələr onların yalnız minimum ehtiyaclarını ödəyir. Bu qədər işçi, mükəmməl texniki imkanlar hansı dənizin suyudur?

Xaricı sığınıb Azərbaycana neqativ yollayanların Qərbdən maliyyələşməsi haqqında nağıllara çoxdan heç kim inanmır.
Hakimiyyətdaxili gərginliklər, məmurların yalnız dar bir çərçivəyə bəlli biznesləri, əmlakları haqqında bilgiləri də onlara “mister Devid” ötürür?

Söyüşü normaya çevirən, efir mədəniyyətindən kənar və Azərbaycanda dialoq mühitinin yaranması üçün dəridən-qabıqdan çıxanların bütün əziyyətlərini yerə vuran bu insanların bütün dəstəyi Azərbaycandandır. Yüzdə yüz. Özlərini orda, qol-budaqlarını burda himayə edənlərin kökünü qazsaq iqtidar sahiblərinə “var gücümüzlə söyüş kampaniyasına qarşı mübarizə aparırıq” deyənlərə gedib çıxarıq. Məni əksinə heç kim inandıra bilməz.

Onları heç cür “oturduqları budağı kəsənlər” adlandıra bilmərik. Çünki onların budağı elə bu cür qara əməllərdən, Azərbaycana, bir vaxtlar mənsub olduqları hakimiyyətə xəyanətdən qidalanır. Burda zəiflətmək istədikləri qüvvələri, şəxsləri söyüş müxalifətinin dilinə salanlar tanınmamaq, bilinməmək üçün min hoqqadan çıxsalar da, daha xeyri yoxdur. Hər şey gün kimi aydındır.

Azərbaycan siyasi mübarizənin sivil müstəvidən söyüş müstəvisinə keçməsinin ziyanını çox çəkəcək… Cəmiyyətdə qarşılıqlı etimad sıfır həddindədir. Normal müzakirə müstəvisi yaratmaq üçün addımlar atan qüvvələr ortaya çıxanda kimi bu söyüş qatarı “düüüüd” eləyib yola çıxır, söyüş, gözdənsalma, qaralama kampaniyasına başlayır. Görəvi budur.
Himayələri elə güclüdür ki, Azərbaycanda onların üçün bağlı qapı yoxdur. Tovuz döyüşlərində orda, aksiyadır orda, dəfndir orda, bayramdır orda. Bu adamlara PRESS jiletini kim verir? Bildiyim qədərilə bu məsələyə Mətbuat Şurası məsuldur. MŞ sədri Əflatun Amaşov lütfən izah etsin, ölkə daxilində fəaliyyət üçün XİN-də rəsmi qeydiyyatdan keçən BBC-nin, Reuters-in, Azərbaycanda qeydiyyatı olmasa da fəaliyyət göstərən Azadlıq Radiosu, Anadolu Agentliyi kimi dünya medialarının təmsilçiləri ilə yanaşı xaricdə oturub Azərbaycan iqtidarını söyənlərin, cəmiyyəti radikallığa kökləyənlərin, inqilab çağırışları edənlərin “media”larının təmsilçilərinə PRESS jiletlərini kim verir? O verməyibsə, çıxsın kimin verdiyini desin. Özü verməyib, kimin verdiyini də bilmirsə, onda Mətbut Şurası sədrliyi kürsüsünü niyə məşğul edir ki?

Azərbaycan ölkədə xaos və qarışıqlıq yaratmaq istəyən xarici güclərin hədəfinə gəlmək baxımından 1993-cü ili sanki təkrar yaşayır. Rusiya Ermənistanı silahlandırır, Ermənistan silahları nə sərhəddə, nə Qarabağda susur, İran ölkənin içərisində dayaqlarını möhkəmləndirib, indi bir sağlam qapımız olan Borçalını qara yara kimi sarıb, müxtəlif təriqətlərə mənsub, böyük bir hissəsi radikallığa meylli və radikal dini qruplaşmaların təşkilatlanması dövət qurumlarından, ucqar kəndlərə qədər davam edir. Belə bir durumda daxili gərginliyin artırılmasına yönəlik hər addım məsuliyyətsizliklə yanaşı millətə, dövlətə xəyanətdən başqa bir şey deyil.

Prosesi sivil müstəviyə keçirməyin tək yolu – söz və fikir azadlığını qorumaq, siyasi partiyaların və vətəndaş cəmiyyətinin sürətlə fəallaşdırılmasındadır. Sivil, sağlam dialoq mühiti, Azərbaycanı beynəlxalq güclərin hədəfinə çevirən, daxili gərginliyin azalmasına imkan verməyən siyasi məhbus probleminin birdəfəlik çözülməsi, məsələlərin açıq müstəvidə müzakirəsi, tənqidçilərin iqnor edilməməsi, yaltaqlığın və cəmiyyəti uçuruma aparan boş təriflərin birmənalı qadağan edilməsi, vətəndaşların sədaqətinə görə yox, bilik və bacarıqlarına görə irəli çəkilməsi, vəzifə məsuliyyətini anlamayan, rüşvətdən, korrupsiyadan əl çəkməyən məmurların sərt şəkildə cəzalandırılması, vətəndaşlara öz ölkələrini qurmaq imkanı verilməsi – reseptimiz budur. Bunlar olsa, kimdir xaricdəki “TV”lərə zaman ayıran?

Hər dəfə deyirəm, yazıram, “təkrar biliyin anasıdır” deyi bir də yazım… Azərbaycanı “ağ günə” çıxaracaq insanlar Azərbaycandadırlar, xaricə sığınıb vətəndaşları radikallaşdırmağa çalışanların xarici düşməndən fərqi yoxdur. Ey gənclik, xaricdə “yel əsib qoz tökülməyib”. Burda 3 dəfə kamera tutub, 2 polis dəyənəyi yemisənsə, Avropa səni başının üstünə qaldırmayacaq. Alət olma… Bilmədən xidmət etdiklərin aradan çıxıb xəyallarının məmləkəti Avropalara sığınanda, radikallıq yaydığın üçün türmə qapılarında qalan sənin anan olacaq. Etmə….

Aygün Muradxanlı
09.09.2020

Siyasət yanlışı sevmir

0

Üzü payıza siyasi proseslərin sürətlənəcəyi yazdan danışılırdı. 9 fevral parlement seçkisində baş verənlərdən sonra ölkədə hakimiyyətdaxili mübarizənin getdikcə güclənəcəyi, siyasi səhnədə yeni qüvvələrin daha üstün mövqe tutacağı şübhəsiz idi. “Qatar” artıq yola çıxdığından onu heç COVİD-19 pandemiyası da durdura bilmədi.

Hələlik ölkədəki durum bu haqda açıq danışmağa, yazmağa imkan vermir. Çünki, seçkini sabotaj edənlərin təmizlənməsi hələ başa çatmayıb. Mövqeləri ciddi şəkildə sarsılsa da maska dəyişib siyasi səhnədə qalmaqda israrlıdırlar. Üzdə timsah göz yaşı tökməkləri görüntüdür…, qanunları yenə də üstələmək, illərlə qurduqları şəbəkələri saxlamaq naminə var güclərini səfərbər ediblər.

Nəvəsinin ailə qurması ilə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mediyevin hakimiyyətdən uzaqlaşdırılması böyük ehtimalla Azərbaycanın siyasi tarixinə “toy çevrilişi” kimi düşəcək. Ona biət edənləri nəvəsinin toyuna toplayıb güc göstərmək istəyəndə, şəninə ayaq üstə sağlıqlar dedirdəndə yüzdə yüz ağlından belə keçirmirdi ki, günlər sonra 50 il “qazana” tökdükləri qaşığına çıxacaq, mandat verib siyasətə calaq eləmək istəsə də kef məclislərindən ayıra bilmədiyi kürəkəninin əlinə qandal vurulacaq, “müdafiə qalasını” 15 günlük həbsə dözməyib 15 yaşı qız kimi ağlayan kürəkən Əliyevin göz yaşı yuyub aparacaq. Bütün ömürlərini kef içərisində yaşayanların 2 həftəlik məhbəsə gücləri çatmazmış… “Toy”da bunu da öyrəndik.

Siyasi avantüralar ustadının belə açıq verməsini onun yaşlılığına bağlayanlar çoxdur. Ancaq bu yaşlılıq deyil. Bu, uzun illər siyasi hakimiyyətdəki mövqeyini kompramatlarla qorumağın, onların sayəsində qanunları istədiyi zaman, istədiyi formada heç bir məsuliyyət damışadan çeynəməyin arxayınlığı idi. Bu arxayınlıq ona addımlarını düzgün hesablamağa mane olmuşdu.

Siyasət isə qəddardır ki, yanlışlığı düzəltməyə demək olar, şans vermir. Bir yanlış yeni yanlışlıqlara yol açır, sən səhvlərini düzəltmək istərkən rəqibini gücləndirirsən. Hətta rəqibin çox zəif olsa belə, yenidən toparlanmaq, imajı bərpa etmək, hürkmüş komandanı dağılmaqdan, səf dəyişməkdən qorumaq, paralel olaraq kürəyini yerə vuran qüvvənin nəfəsini kəsməsinə imkan verməmək, onu “üzərindən atmaq” üçün illər gərəkdir. Ramiz Mehdiyevin o qədər zamanı yoxdur.

Çəliyinə söykənib komandasını sarsılmış onurğasına almağa çalışan Ramiz Mehdiyevə bundan sonra çox çətin olacaq. Yerlə bir edilmiş nüfuzu, uzun illər onun çöküşünü gözləyənlərin üzərinə yeriməsi, nifrətini qazandığı xalqın nə onu, nə tərəfdarlarını bir daha hakimiyyətdə görməmək arzusu Mehdiyevin çəlikdən qurtulub yenidən əmin addımlar atmasına imkan verməz.

Bir də ölkədə uzun illərdir heçə alınan xalq faktoru var. İndiki məqamda onun önəmini iqtidar mənsubları çox gözəl dərk edir. Sosial problemlər içəsində çabalayan vətəndaşa “vurulan”ları məhz talançı obrazında təqdim etmək bunun sübutudur. Asiləri onların özbaşınalıqlarından bezən xalqın ayaqları altına atmaq yetərlidir – “tikə”ləri ələ gəlməyəcək.

Baş verənlər həm də onu sübut edir ki, iqtidarlar komandalarına deyil, yalnız və yalnız vətəndaşa, xalqa söykənəndə güclü ola bilirlər. Xalqı iqnor edib komandaya söykənmək, özünü və xalqını deyil, komandanı gücləndirmək, dolayısı ilə özünü arxadan vurulan zərbələr üçün hədəfə çevirməkdir. Bu qədər sadə…

Aygün Muradxanlı
08.09.2020

“Traktur” – türklərin iftixarı

0

Futbol üzrə Azərbaycan Milli Komandasının Lüksemburq Milli Komandasına uduzması azarkeşləri möhkəm qəzəbləndirib. Azərbaycan futboluna qınaq, tənə bir-birinə qarışıb. Ölkənin futboldan birdəfəlik “əl çəkməsini”, şahmatdakı böyük uğurlara görə “dövlət qayğısı”nın şahmata yönəldilməsini tövsiyə edənlər də var. Təkliflərin içərisində ən ilginci milli komandanın yerinə Güney Azərbaycanın “Traktur Azərbaycan” (qısaca “Traktur”) komandasına azarkeşlik etmək təklifidir – “nə fərqi var, “Traktur” da bizimdir” düşüncəsi ilə… Bəlkə kimlər üçünsə bu təklifin emosional çaları çox görünə bilər, amma fakt odur ki, Təbrizin “Taraktur Azərbaycan” komandası Bütöv Azərbaycanın iftixarına çevrilməkdədir.

İranın Məşhəd şəhərində keçirilən oyunda “Tarktur”un İran kubokunun birneçəqat sahibi və rəsmi Tehranın qayğı və diqqətini əsirgəmədiyi “İstiqlal” komandasını yenərək çempionatın qalibi olması, İranı futbol üzrə Asiya Çempionatında təmsil etmək haqqı qazanması, idman hadisəsi olmaqdan daha çox İran türklərinin qələbə əzminə, milli duyğularına misilsiz qatqıdır.

Dünya mediası illərdir “Traktur Azərbaycan”ı ən çox azarkeşi olan komanda adlandırır. 2010-cu ildə komandanın 482 min rəsmi azarkeşi olub. Qələbələr artıqca, “Traktur” milli mücadilə faktoruna çevrildikcə, bu say dəfələrlə çoxalıb. 40 milyon İran türkü ilə yanaşı, 10 milyonluq Azərbaycan Respublikası, Tehranda, İranın müxtəlif şəhərlərində, Türkiyədə, Borçalıda, Rusiyada, ABŞ-da, Avropada, Asiyada yaşayan türklər… ən çağdaş yapon hesablayıcıları da “Traktur”un azarkeşlərini saymaqda çətinlik çəkər. Güneyli qardaşlarımız arasında maraqlı bir deyim var – komandanı qələbəyə aparan oyunundan da çox, azarkeşləridir. Belə bir güclü sevgi, alqış seli, milli davada simgə olmaq qüruru oyunçulara elə bir ruh verir ki, qələbə qazanmamaq mümkün deyil.

Dediyimiz kimi, Təbriz komandasının oyunu çoxdan idman sərhədlərini aşıb. Bu gün Tehranın siyasi qərarlarına türklərin münasibəti “Traktur”un yarışa çıxdığı stadionların tribunalarında verilir. Sloqanlara diqqət edin, hər birində milli kimliyə vurğu, milli mücadilənin tələbləri… “Azərbaycan İran deyil”, “Türk dilində mədrəsə olmalıdır hər kəsə”, “ Sən ey İran, Vətənimsən, sən yaşa Azərbaycan”, “Bakı, Təbriz, Ankara, biz hara farslar hara”, “Qarabağ bizimdir, bizim olacaq”, “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun”,“Nə mutlu türkəm deyənə”, “Turan sevdamızdır”, “Traxtor – tüklərin iftixarı”.
Siyasi leksikonda deyildiyi kimi, İran türkləri bu çağırışlarla eyni zamanda dünyanın diqqətini ölkə içərisində hüquq və azadlıqlarının məhdudlaşdırılmasına çəkir, siyasi mübarizə imkanları mümkün olmadığı üçün siyasət meydanını futbol meydanına transfer etmək məcburiyyətində qaldıqlarını göstərirlər. Tehran bundan məmnundurmu? Birmənalı cavab vermək çətindir.

1970-ci ildə Təbrizin traktor zavodunun bazasında “Traktursazi” adı ilə yaradılan komanda 1979-cu il inqilabından sonra krerikal hakimiyyətin idman oyunlarını yasaqması ilə fəaliyyətini dondurub. Ancaq yeni-yeni oturuşan hökumət dərk edirdi ki, yalnız mədrəsə və məscidlər hər 30-40 ildən bir inqilab havasına köklənən vətəndaşları idarə etməyə yetməyəcək, o səbəbdən idmandan yararlanmaq qərarına gəlindi, bir çox komandalar kimi Təbrizin hər iki komandası – “Traktursazi” və “Maşınsazi” SEPAH-ın nəzarətində canlandırıldı.

Ancaq Təbrizdə milli mücadilənin genişlənməsi və güclənməsi “Trakturu” Tehranın arzuladığı kimi onun siyasətinin təbliğatçısına deyil, tam tərsi, əks-təbliğatçısında çevirib. Dəstəyin miqyası genişləndikcə Tehran məsələni basqı ilə çözməyi gündəmdən çıxarıb. İndi iqtidar etirazçı təbəqəni İranın müxtəlif şəhərlərində spontan yarana biləcək küçə yürüşləri və mitinqlərdən stadionlara toplayaraq, “alovu” lokallaşdırmaq taktikasını seçib. Ancaq asan deyil…

Oyun başlayana qədər Güney Azərbaycan milli azadlıq hərəkatını təmsil edən qurumların bayraqlarını, sloqanlar yazılan posterləri azarkeşlərdən toplamaq üçün hökumət stadionların qarşısına hərbi qüvvə cəlb etmək məcburiyyətində qalır. Çünki sadəcə daxili qoşun hissələri ilə həm duruma nəzarət etmək, həm müsadirəni həyata keçirmək mümkün olmur. Şahidlər deyir ki, Azərbaycan Respublikası bayrağı və onun əsasında yaradılan Güney hərəkatının bayraqlarını məkandan aparılmaq üçün Tehran əraziyə ən azı 30 iri yük maşını gətirmək məcburiyyətində qalır. Buna baxmayaraq, stadiona bayraq keçirilməsinin qarşısını 100 faiz almaq mümkün olmur. Hər oyunda meydanda Azərbaycan Respublikasının üçrəngli bayrağı da dalğalanır, Türkiyə Respublikasının bayrağı da.

“Traxtur”un İran çempionu olması məsələsinin arxasında iqtisadi səbəblər də var. 2018-ci ildən İranın ən zəngin iş adamlarından Məhəmməd Rza Zunuzi komandanı rəsmi sahibidir. Təbrizli, təbii ki, əslən türk olan Zunuzi İranın 10 zəngin iş adamından biri sayılır. O, idmanda korrupsiya faktlarını ən çox səsləndirən şəxslərdəndir. Zunuzi bir müddət öncə İran idmanı ilə bağlı problemlərdən danışarkən zəngin məmur övladlarının idmandan böyük pullar əldə etdiyini bildirmiş, bununla da faktiki ölkəni idarə edənlərin övladlarını İranda qadağan edilərək haram sayıla qumarla məşğul olduğunu dilə gətirmişdi. Sitat: “Komandaların xərclərini klublar qarşılayır, amma gəlirlər başqa insanların cibinə gedir. Bir sıra rəsmilərn övladları başqa insanların adına şirkətlər açıblar. Ancaq biz bilirik ki, o şirkətlərin əsl sahibləri kimdir və onlar necə pul qazanırlar”.

Zunuzunun belə cəsarətli açıqlamalarını onun hakimiyyət içərisində ciddi dayaqlarının olmasına bağlayanlar da var. Bu ehtimal doğru da ola bilər. İran çox ciddi iqtisadi böhran yaşayır. Sosial etirazların ardı-arası kəsilmir. Real sudan ucuzdur… Pandemiya İrana bir ağır zərbə də vurub. Belə bir durumda ölkə iqtisadiyyatında bəlli payı olan rəsmi milyarderlə hansısa şərtlər daxilində işbirliyi təbii, Tehranın marağındadır. Ancaq səbəbi nə olursa olsun, bu gün Zunuzinin maliyyəsi ilə ayaqda duran “Traxtur” ölkədə milli düşüncənin simvoluna çevrilir, türklərin təşkilatlanmasına ciddi qatqı göstrməklə yanaşı Zunuzinin də mövqelərini möhkəmləndirir.

Son qələbə haqqında danışarkən oyunun Məşhəd şəhərində keçirilməsi və Məhərrəm ayında baş tutması da diqqətdən kənarda qalmamalıdır. Məşhəd İranın, ümumiyyətlə şiə dünyasının əsas şəhərlərindəndir. Məhərrəm isə şiələr üçün İmam Hüseyn əzadarlığının ayıdır. Belə bir dönəmdə türk-fars qarşıdurmasını Məşhədə salıb qələbəni türklərə vermək Tehranın Təbrizə jesti sayıla bilər. Böyük ehtimalla, bu, türkləri yaxın aylarda iqtisadi səbəbdən meydana gələcək etirazlardan uzaqlaşdırmaq, neytrallıqlarını təmin etmək üçün atılan addımdır.

Məşhəddə qazanılan qələbəni türklər Təbrizdə, Urmiyədə, Zəncanda, Tehranda qeyd ediblər. Məhərrəm ayına görə ölkənin matəm libasına geyinməsinə baxmayaraq şəhərlər “Traxtur”un qırmızı bayraqlarına bürünüb, küçələrdə böyük coşqu yaşanıb, şadyanalıq edilib. Məhərrəm ayında bu, İran üçün nonsensdir.

Güneyin bu havası sosial şəbəkə üzərindən Quzeyə də keçib. “Traxtur”un Bakıdakı azarkeşləri komandalarına əsasən sosial şəbəkələrdə dəstək verib, Təbrizdən, Urmiyədən çəkilən görüntüləri yayıb, təbriklər yazıblar. Təəssüf doğuran məqam Azərbaycanın siyasi müstəvidə Güneyin böyük qələbəsinə dəstək verməməsidir. Azərbaycan rəsmilərinin, eləcə də siyasi partiya yetkililərinin təbrikləri gözə dəyməyib. Hətta zaman-zaman millərin qanına millətçilik damarından nüfuz edənlər belə susqunluqlarını qoruyublar. Quzeyin rəsmi səviyyədə susqunluğu Güney hərəkatının tələfdarları tərəfindən sərt tənqid edilib. Haqlıdırlar… “Traxtur”un qələbəsindən dərhal sonra meydanlara axışan Güney Azərbaycanın “Qarabağ bizimdir, bizim olacaq” şüarının qarşılığında bu, Quzeyin ən azı vəfa borcu idi. Belə bir birlik və bərabərlik mesaj hər zaman torpaqlarımızda təfriqə yaratmaq istəyən rəsmi Tehrana da layiqli cavab olardı.

Güneyin Azərbaycandan yüksələn türk birliyi çağırışlarına cavabı Türkiyə siyasətçiləri üzərlərinə götürüblər. İyi Pariya başqanı Meral Akşener Tvitterdə “türklərin İrandakı qüruru qızıl qurdlarımız “Traktur Azərbaycan”ı İran kubokunu qazanmaları münasibətilə təbrik edirəm. Başarılarınız daimi olsun” yazdıqdan sonra bir çox siyasətçilər, ictimai xadimlər, sənətçilər, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri Qızıl Qurdları sosial şəbəkə üzərindən təbrik ediblər.

Qızıl Qurdlar indi Asiya Çempionatına hazırlaşırlar. Qızıl top onların olsun!

Aygün Muradxanlı
07.09.2020

Sıradan çıxan əyləc

0

Siyasi idarəetmədəki dəyişikliklər, özəlliklə hakimiyyət vitrininin yenilənməsi bəzi qaranlıq məsələlərə işıq tutmağa başlayıb. Daha dəqiqi, şahidi olduğumuz, lakin zamanında an-lamağa çətinlik çəkdiyimiz Azərbaycan üçün faydalı proseslərin qarşısına kimlərin süni əngəllər çıxarması artıq gizlin deyil. Gedişat göstərir ki, domino daşı effekti üzrə bağlı qalan xeyli sual yaxınlarda öz cavabını tapacaq.
Hüquq sistemi Azərbaycanda digər sahələrlə müqayisədə bəlkə də ən az təşəbbüskarlıq nümunələri olan sahədir. İdarəetmə ilə birbaşa təmas qurulmadan bu sistemində hər hansı yeniliyi həyata keçirmək faktiki mümkün olmadığı üçün hüquqşünasların ciddi bir hissəsi iqtidarın yanında yer almağa meyl göstərirlər. Heç şübhəsiz, problemlərə müstəqil baxış, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi üzrə konkret təkliflər kimlərinsə fikrindən, düşüncəsindən keçib, ancaq onları səsləndirmək bir zamanlar hüquq sisteminə rəhbərlik edənlərlə kəllə-kəlləyə gəlməyə bərabər olduğu üçün çoxları susub, daha doğrusu, buna məcbur olub.

Ancaq istisnalar da var. Qara və Xəzər Dənizi Hövzəsi Ölkələri Hüquqşünasları Asossasiyası hüquq sistemindəki digər ictimai birliklərdən fərqli olaraq Azərbaycan hakimiyyətinin diqtəsi və nəzarəti altında yaradılmayıb. Bununla belə, bütün fəaliyyəti birmənalı olaraq Azərbaycan qanuvericiliyinin təkmilləşməsinə dəstək verilməsinə yönəlib. Fəaliyyət istiqaməti hökumətin hüquq sistemi ilə bağlı ictimaiyyətə açıqladığı tezislərlə tam üst-üstə düşüb. Yarandığı gündən bu yana milli hüquq sisteminin çağdaş, beynəlxalq təcrübədən uğurla çıxmış prinsiplər əsasında yenilənməsi üçün çalışan Asossasiya az iş görməyib. Hüququn ayrı-ayrı sahələri üzrə elmi ədəbiyyatlar yaradıb, tanınmış hüquqşünasların əsərləri ana dilimizə tərcümə olunub, hüquq ədəbiyyatı üzrə kitab evi açıb, Bakıda, İstanbulda, Moskvada, Sofiyada ölkənin təkcə hüquq sisteminə deyil, bir nömrəli problemimiz olan Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə diqqət çəkən elmi konfranslar, simpoziumlar təşkil edilib.
Təkcə 2019-cu ildə Asossasiya və AMEA-nın İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Beynəlxalq terrorizm və müsair şəraitdə onunla mübarizə” mövzusunda beynəlxaq konfransa Türkiyə, Rusiya, Qazaxıstan, Bolqarıstan, Ukrayna, Serbiya, Yunanıstan, Belorus, Qırğızıstanda qanun yaradıcılığının aparıcı mütəxəssisləri, eləcə də Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa ölkələri Vəkillər Kollegiyası, Avropa Hüquqşünaslar Birliyinin təmsilçiləri qatılmışdı.

Amma… Bakının möhtəşəm konfrsans salonlarından birində keçiriləcək tədbirə saatlar qalana qədər təşkilat məsələlərində heç bir axmasa olmasa da, son anda hansısa “gizli əl”in dövriyyəyə daxil olduğunu toplantını izləyənlər unutmayıb yəqin. Konfrans başlayan gün sanki yığıncağa qarşı ildırım sürətli bir plan işə salındı. Toplantıya gələn bir neçə millət vəkili yoldan geri qaytarıldı, daha sonra özəl telekanalların Asossasiyanın rəhbəri hüquq professoru İlham Rəhimovdan aldığı və onun Ermənistanın 30 ildir Azərbaycana qarşı dövlət terror ilə məşğul olmasınını ifadə etdiyi müsahibəyə efir qadağası qoyuldu. Bütün əsas çıxışlar Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi, eləcə də onun dövlət terror ilə məşğul olmasını sübut edən faktlar üzərində qurulsa da rəsmi media bu haqda bir cümləni belə efirə vermədi, yaymadı.
Səbəblər aydın deyildi… MDB ölkələri, özəlliklə Rusiya, o sıradan Avropa hüquq elminin aparıcı simalarını elmi konfransda bir araya gətirib, onlara Ermənistanı terrorçu dövlət kimi dərindən tanıtmaq kimi vacib bir missiyanı həyata keçirmək Azərbaycan hakimiyyətində kimin maraqlarına cavab verməyə bilərdi?

Asossasiyanın “Məhkəmə-hüquq islahatları: ədalət mühakiməsinin həyata keçirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda 20-yə yaxın ölkəni təmsil edən hüquqşünasın qatıldığı toplantısında da senari dəyişmədi. Rərmi Bakının görünməyən əli toplantı üçün əngəl yaratmaqda davam edirdi.

Azərbaycan üçün bunca önəmli tədbirlərə dəvət edilən hüquq mühafizə orqanlarının rəhbərləri bir dəfə də olsun konfranslara qatılmırdılar, hətta nümayən göndərməkdən də ehtiyat edirdilər. Azərbaycan rəsmi tərəf kimi yığıncaqlarda yalnız Prezident Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri (Şahin Əliyev) səviyyəsində təmsil olunurdu. Praktik müzakirələrdə, dinləmələrdə iştirakları arzu edilən heç bir hüquq-mühafizə orqanının, məhkəmə hakimiyyətinin rəhbərliyini yığıncaqda görmək mümkün deyildi.

Ən anlaşılmaz məqamlardan biri də “gizli əl”in konfranların, yığıncaqların işıqlandırılması ilə bağlı media siyasəti idi. Az qala bütün yerli telekanalların başdan sonra çəkdiyi yığıncaq sonra efirə ümumiyyətlə verilmirdi. Səbəb soruşulanda “belə göstəriş verilib” deyirdilər. Yəni kimlərsə toplantıdakı bütün çıxışları bir neçə nüsxədə, bir neçə rakursda lentə aldırır, ancaq həmin çəkilişlərdən daxili istifadə üçün yararlanırdılar.
Üzərindən bəlli bir zaman keçəndən sonra analoji təşəbbüslərin qarşısında kimlərin dayandığı aydın görünür. Öz fəaliyyətlərini məharətlə maskalayan bu şəxslərin Azərbaycanın müstəqil dövləti kimi güclənməsinin qarşısını necə, hansı metodlarla, hansı pravokasiyalarla aldığı sadəcə acı təəssüf doğurur. Bu qüvvələrin hakimiyyətdə ikən Azərbaycana qarşı fəaliyyətləri o qədər açıq, o qədər bariz olub ki, bundan sonra heç 30 məqalə ilə də addımlarını təmizə çıxarmaları mümkün deyil.

Azərbaycan ciddi sərvəti olan kiçik ölkədir. Güclənmək, imkanlarımızı məhdudlaşdıran Güney Qafqazın çərçivələrindən çıxıb daha geniş coğrafiyada söz sahibi olmağımız üçün bizə yeni təşəbbüslər, yeni müzakirə müstəviləri gərəkdir. Qara və Xəzər Dənizi Hövzəsi Ölkələri Hüquqşünasları Asossasiyası və belə geniş coğrafiyanı əhatə edən beynəlxalq qurumlarda iştirak Azərbaycan dövlətinin dayaqlarını möhkəmləndirməklə yanaşı, beynəlxalq nüfuzunu yüksəldir, ən əsası isə beynəlxalq hüquq mexanizmlərini milli maraqlarımızın qorunması üçün səfərbər edir. Azərbaycan dövlətinin yenidən şəkillənməsi prosesinə şahidlik etdiyimiz bugünlərdə belə təşəbbüslərin ölkə üçün nə qədər önəmli olduğunu görməmək mümkün deyil.

Aygün Muradxanlı
03.09.2020

Gülən Azərbaycana pul göndərir…mi?

0

Ötən həftə Türkiyə mediası ABŞ Federal Təhqiqatlar Bürosunun Ohayo və İllinoys şatlarında “Gülən” cameəsinin lideri Fətullah Gülənə yaxın şəxslərlə bağlı eynizamanlı əməliyyat keçirməsi xəbərini yaydı. Xəbərlərdə bildirilirdi ki, əməliyyatlar zamanı 32 nəfər saxlanaraq federal məhkəmələr qarşısına çıxarılıb. FTB-nin rəsmi açıqlamalarına görə, saxlananlara qarşı vergidənyayınma, şübhəli valyuta əməliyyatlarında iştirak ittihamları irəli sürülüb və haqlarında həbs qərarı seçilib.

İllərdir Pensilvaniyada Vaşinqtonun himayəsində yaşayan Fətullah Gülənə qarşı belə bir basqı çoxları üçün gözlənilməz olduğundan təbii, çoxsaylı suallar yarandı. Türkiyənin dəfələrlə tələb etməsinə baxmayaraq Fətullah Güləni Ankaraya təslim etməyən ABŞ nədən onun çevrəsinə qarşı belə genişmiqyaslı əməliyyat aparıb?

Gülənin nəhəng kapitalı idarə etdiyi sirr deyil. Türkiyədə və Ankaranın təsir dairəsində olan ölkələrdə ciddi şəkildə sıxışdırıldıqdan sonra bu kapitalın axışı azalsa, yönü dəyişsə də Gülən hələ də nəhəng biznes imperiyasının sahibi sayılır. ABŞ-dakı qanunsuz maliyyə əməliyyatları şübhələrini birbaşa Federal Təhqiqatlar Bürosunun araşdırması da ittihamların iri vəsaitlə bağlı olduğu ehtimalını yüksəldir. Hər halda, 2 ştatda 32 nəfərin saxlanması ilə sonuclanan eynizamanlı əməliyyat Gülənçilərin sevimli biznes sahəsi olan 5-6 “dönər evi”, “paxlava odası” ilə bağlı olmayıb.

İrəli sürülən ikinci iddia da yetərincə ciddidir – şübhəli valyuta əməliyyatları. Beynəlxalq məkanda baş verən maliyyə fırıldaqlarının əsas hüquqi qiymətləndirməsi… Bildiyimiz qədərilə, hüquqda qaynağı bilinməyən paraların bəyannamələrində məqsəd aydın göstərilmədən qısamüddət üçün yaradılan şirkətlərə transfer edilməsi, daha sonra isə trafikdə “yoxa çıxması” şübhəli maliyyə əməliyyatları kimi tanınır. Məsələyə burdan baxsaq, ehtimal edə bilərik ki, Fətullah Gülən “Ağ Evlə hər addımı 100 faizlik razılaşdırma” şərtini pozaraq özfəaliyyətlə məşğul olmağa cəhd edib, tərəfdarlarının bank hesablarından ABŞ-ın arzu etmədiyi hesablara pul köçürüb və elə buna görə cəzalandırılıb.

Həm ABŞ-dan, həm Türkiyədən gələn rəsmi açıqlamalar yetərincə “ütülüdür”. Türkiyənin təhlükəsizlik orqanlarına yaxın qaynaqlar bildirir ki, Fətullah Gülən camaatının üzvləri prezident seçkisi öncəsi Donald Trampın vergi ödəmələrindəki boşluqların doldurulması üzrə tapşırıqları əsasında saxlanıb və burada hansısa siyasi çalar aramağa ehtiyac yoxdur. ABŞ-ın federal qanunlarına görə, vergidənyayınma faktları aşkarlandıqda vergi ödəyiciləri dövlət büdcəsinə borc ödənilənə qədər həbsdə saxlanır. Verginin məbləğindən asılı olaraq bir sıra ştatlarda vergi borcu məbləğindən başqa cərimə, eləcə də qısamüddətli həbs cəzaları da var. Buna görə də vergi borcları ödənən kimi saxlanılan şəxslərin azad ediləcəyi ehtimalları yüksəkdir.

İkinci ittihama – şübhəli pul transferinə gəlincə, maraqlıdır ki, Türkiyənin xüsusi xidmət orqanlarına yaxın qaynaqlar açıqlamalarında bu məsələyə aydınlıq gətirməyiblər. Vurğulanan odur ki, Fətullah Gülən camaatına qarşı AKP iqtidarının sərt tədbirlərindən sonra ölkəyə daxil olan iri məbləğli valyuta ciddi təqib edilir. Türkiyə ilə ABŞ arasında para trafiki isə xüsusi nəzarət altındadır. Rəsmi informasiyalara görə, son aylar bu kontekstdə Türkiyədə şübhəli bank əməliyyatlarına rast gəlinməyib. Demək, “gülənçilər” ABŞ rəsmilərinin “şübhəli köçürmə” kimi qeydə aldığı əməliyyatı Türkiyənin deyil, üçüncü, bəlkə də dördüncü, beşinci ölkələrin bankları ilə həyata keçiriblər.

Ehtimal ölkələri sırasında Azərbaycan və Gürcüstanın adı ilk sıralarda çəkilir. Səbəb Fətullah Gülən cameəsinin uzun illə Azərbaycanda ciddi dayaqlarının olması, Türkiyədə haqqında məhkəmə iddiası qaldırılan bir çox “FETÖ”çunun isə dünyaya Gürcüstan üzərindən “açılmasıdır”. Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli razılaşmadan sonra Gülən cameəsinin Bakıdakı və ölkənin regionlarındakı dayaqlarına ciddi zərbə vuruldu, Azərbaycan vətəndaşı olmayanların demək olar hamısı, qısa zamanda ölkədən çıxdı və ya çıxarıldı.

Azərbaycan vətəndaşı olan “gülənçi”lər haqqında isə bunu demək mümkün deyil. Əsas şəxslərin müəyyən bir hissəsi “məcburi hicrət”ə getsələr də, sonradan Azərbaycana qayıdıblar. Bəziləri isə ümumiyyətlə ölkəni tərk etmədən “inzivaya” çəkiliblər. Bəziləri öncədən tutduqları vəzifələri davam etdirirlər.

Gülən cameəsinin hakimiyyət iddialarının heç zaman ikinci plana atılmadığını, maskalanmaq məharətlərinin yüksək səviyyədə olduğunu nəzərə alsaq, Azərbaycanda yeni idarəetmə aparatının formalaşdırılması prosesində onların yenidən hərəkətə keçmə ehtimalları yüksəkdir. Ona görə də günün birində ABŞ Federal Təhqiqatlar Bürosunun Gülən camaatının şübhəli maliyyə əməliyyatları haqqında açıqlamasında Azərbaycanın adı keçsə, təəccüblənməyəcəm. Sizi bilmirəm…

Aygün Muradxanlı
02.09.2020

Kaş bu gün bu dəmdə, olaydım…Nardaranda

0

II yazı

Sonda deyəcəyim sözü başda deyim, sonra keçim izaha. Nardaran pirini, bütünlükdə Nardaran kəndini bu qədər – 5 il bağlı saxlamaq qətiyyən doğru addım deyil. Bu, Azərbaycan dövlətinin xarici təsirlər qarşısında zəif olduğu etiraf etməsi təsəvvürü yaradır. Vətəndaşla-hakimiyyət arasında vicdan azadlığı məsələsindəki bir sıra problemlər də elə lüzumsuz qadağalardan qaynaqlanır. Ermənistanla məsafəsi 100 metrlərlə ölçülən kəndlərimizin giriş-çıxışı açıq ikən, ərazini hədəf seçən İrandan yüz kilometrlərlə uzaq Nardaranın “qapıları”nda 5 ildir polis postlarının qurulmasının bundan başqa izahı yoxdur.

Bir gündə kənddən 30 dəfə də çıxsan, 30 dəfə yoxlanacaqsan, postdan 20 metr uzaqlaşıb geri dönsən, yenə maşının saxlanacaq, yoxlanacaqsan, əzizin vəfat etdi, polisin müşayiəti ilə dəfn edəcəksən, evlərdə heç bir yığıncaq olmaz (pandemiyadan öncədən danışırıq – son 5 ildən), qonağın gələcəksə, saylarını, vaxtlarını polislə razılaşdıracaqsan. Adamlar tanıyıram, girişdə polislərlə çənə-boğaz etməməkçün Nardaran qəbristanlığında dəfn olunan əzizlərinin məzarına ziyarətə getmirlər – o qədər bezdiricidir yəni. 5-10 nəfərə görə bir kəndi hakimiyyətdən incik salmaq, qarşılıqlı etimadsızlıq mühiti yaratmaq nəyə gərəkdir? Bu durum vətəndaşı təhlükəsindən qorumaq istədiyimiz dini siyasətə alət edən kənar gücün xeyrinə deyilmi? “Hakimiyyət sizinlə inancınıza görə düşmənçilik edir” kimi saxta arqumenti onlara niyə veririk ki?

Nardaranla bağlı nə müzakirə açan var, nə kənd camaatının dərdini dilinə gətirən. Problemləri qaldırmalı olanlar, israrla susurlar. Ərazini Milli Məclisdə təmsil edən Eldar Quliyevdən əhali çoxdan əlini üzüb. O qədər hadisələr yaşandı, bir dəfə ağzını açmadı, “danış” dedik, bizim məhkəmə ilə hədələdi. 9 fevral seçkisində cuşa gəlmişdi amma. Öz maraqları üçün. Kənddəki evlərdən birində keçirdiyi qapalı görüşə baxdım, xəcalət çəkdim. 20 il siyasi vəzifə tutan – deputat olan bir adam Nardaranın əsas məsələsi ilə bağlı kəlmə də kəsmədi. Kəndə millətin dərdi üçün yox, bazarlıq üçün gəlmişdi…

Problemi qabartmalı, çözüm yolları təklif etməli olan ictimai institutlar da susqundurlar. Hansı məsələdə aktivdirlər ki? Vətəndaş cəmiyyəti qurumları aktiv olsaydılar, indi Azərbaycanda bir çox problemə ən azı konseptual baxış formalaşmışdı, məsələlər tərəflərin baxışları diqqətə alınaraq dərindən araşdırılmışdı. Düşünməyin ki, vətəndaş cəmiyyətinin passivliyini ancaq bu sektoru təmsil edənlərin üzərinə qoyuruq. Əsla. Onlara kim meydan verdi, “oynamadılar”? Ölkənin bu zamana qədər olan genəl siyasəti beləydi. Korrupsiyanı çiçəkləndirmək, müstəqilliyin möhkəmlənməsinin qarşısını almaq üçün qapalı mühit yaratmaq istəyənlər danışan dilləri susdurdular, ictimai fəalları gözümçıxdıya saldılar, ölkənin, dövlətin xeyrinə olan bütün işlərin qarşısına kötük yuvarladılar. Siyasəti, ictimai fəaliyyəti qorxulu sənətə çevirməklə fəal, təşəbbüskar insanları proseslərdən uzaqlaşdırdılar, ölkəni vətəndaşın istəyinə uyğun deyil, öz maraqlarına görə gəlişdirdilər. Bu gün Ramiz Mehdiyevin timsalında hakimiyyətdən uzaqlaşdırılan bu qanad inanclı insanların çoxuna “radikal dindar” adı qoyub hakimiyyətin hədəfinə çıxardı. Hər kəsi damğaladılar, heç bir halda Azərbaycanın xeyrinə olmayan süni gərginliklər yaradıb həssas bölgələrdə gərəkli zamanda partladılmağa hazır minalar basdırdılar.

Hayla gəlib toyla gedən bu komandanın izini ictimai-siyasi səhnədən – dövlət aparatından, Milli Məclisdən, prokurorluqdan, polisdən, mediadan nə qədər tez silə biləcəyiksə, müşküllərimizin asanlaşdırılmasına o zamandan başlaya biləcəyik.

Nardaran məsələsində hakimiyyətin məsuliyyəti vətəndaşın məsuliyyətindən qat-qat artıq olduğundan sıralamada ona öncəlik tanıdıq. Vətəndaşına yetərincə diqqət ayırmayan – onun təhsili, məşğulluğu, rahat həyatı, ən əsası da ləyaqətli həyatı üçün üzərinə düşəni etməyən hökumətlərin vətəndaşları ilə başqa ölkələrin hökumətləri “məşğul olur”. Bu, bir tək Azərbaycan, Nardaran üçün keçərli deyil, oxşar problemi olan bütün ölkələrdə belədir. Kənar güclər ölkəyə məhz belə boşluqlardan nüfuz etməyə çalışırlar. Ancaq bu o demək deyil ki, vətəndaşın bu məsələdə heç bir məsuliyyəti yoxdur. 21-ci əsrdə paytaxtda yaşayan insan ölkəsinin tarixi haqqında anlayışsızdırsa, sabitliyini, rifahını, ləyaqətli həyatını yalnız və yalnız güclü dövlətinin təmin edəcəyini dərk etmirsə, inancından yararlanıb ölkəsinə, dövlətinə, özünə qarşı qurulan xain planları görə bilmirsə, bu, faciədir.

İran bu məsələdə bizi çox həssas yerimizdən vurur – inancımızdan. Tehran 70 il qırmızı imperiyanın işğalı altında yaşadığımızı əsas gətirib bizə dinsiz müamiləsi göstərir. Sanki müstəqilliyimizin bərpasından sonra Azərbaycana göndərdiyi mollalar olmasaydı, burda nə şəhadət gətirən olardı, nə təkbir deyən. Birinci yazıda Sovetlər Birliyi Bakısında Aşura mərasimi haqqında ona görə detallı yazdım. 1920-ci ildə Azərbaycan işğal ediləndən sonra Kreml yüzlərlə ruhani güllələdi, sürgünə göndərdi, hər hansı səbəbdən həyatda qalanları ömürlərinin sonuna qədər təqib etdi, ancaq nə Allah sevgisini ürəyimizdən, nə dini məişətimizdən çıxara bildi. Doğulanda adımızı qulağımıza kəlimeyi-şəhadətlə oxudular, dünyadan gedəndə son sözümüz kəlimeyi-şəhadət oldu.

Nardaranda, ya da Azərbaycanın digər bölgələrində yaşayıb İranın felinə uyanların şiəlik haqqında yaxından-uzaqdan bilgiləri olsaydı, Tehran mollalarına təriqətin qurucuları, onu dövlət ideolojisi səviyyəsinə ilk yüksəldənlərin kimliyi haqqında dərs keçərdilər. Şah İsmayıl Xətainin adını qorxusundan dilinə almayanlar bu gün cahilcə “Azərbaycan İrandır” deyirsə, bu, tək Tehranın məkrli siyasətinin sonucu deyil, təhsilimizin, vətəndaş yetişdirmək işində nə qədər axsadığımızın sübutudur. Biz vətəndaş yetişdirə bilsəydik, din üzərindən Azərbaycanda kök salmaq istəyən erməni dostlarının qarşısına çıxara biləcəyimi onminlərlə inanclı ordumuz var idi indiyə. İndi şiə deyib sinəsinə döyənlərin bir çoxunun yanında İran niyə şiə qardaşı Azərbaycanı qoyub Ermənistanla dostluq edir, onun blokadaya düşməsinə imkan vermir, niyə şiə farslar sənin qardaşın şiə türkü dar ağacından asdırır, dilində təhsil almağa qoymur, zindanlarda çürüdür, amma sənin düşmənin ermənini başı üstündə saxlayır de, gör nə hoqqa çıxarırlar. İmam Hüseyn qənim olsun belələrinə…

Biz vətəndaş yetişdirsəydik, İranın təsiri altına salmaq istədiyi gənclərimiz farslardan soruşardılar ki, siz belə din keşikçisi, müqəddəs zatlarsınızsa, Musa əl-Kaziminin qızları, 8-ci imam Əli ibn Musa ər-Rizanın bacıları Həkimə xanımla, Rəhimə xanım niyə sizə – ərazicə yaxın farslara deyil, Bakıya sığındılar? Niyə onların uyuduğu İslam aləminin müqəddəs məbədləri sırasında yer alan Bibi-Heybət Məcsidi və Nardaran piri sizin yox, Azərbaycanın ərazilərindədir?

Biz bu gün dini dəyərlərimizin qorunmasına elə dini baxışlar üzərindən kənar qüvvələrin hədəf seçdiyi bölgələrdən başlamalıyıq. Nardaran pirinin imkanları Bakıda dini mərkəz qurulması üçün nəcə də münasibdir… Böyük kompleks, Bakı koloriti… İslam dünyasında Azərbaycanın bundan gözəl təbliğatı?

İldə 4 dəfə dünyanın ünlü İslam alimlərinin qatıldığı simpoziumlar, konfranlar, dinləmələr… Nəhəng kitabxana. Araşdırma mərkəzi. Təhsil kompleksi. Nələr yaratmaq olar, nələr… O zaman Azərbaycan ideoloji idxalçı mövqeyindən, ideoloji ixrac edən ölkəyə çevrilər, regionda iqtisadi gücümüzlə deyil, ideoloji gücümüzlə də önə çıxarıq.
Üstəlik Azərbaycanın, Bakının çox ciddi dini turizm potensialı var. Təkcə Nardaran piri müsqəqil kompleks kimi İslam dünyası üçün misilsiz ziyarətgahdır. Bakının az qala hər kəndində ziyarətgahlar yerləşir. Bibi Heybət Məscidindən, Aqil baba türbəsindən, “Əli ayağı”ndan, Seyid Yahya Bakuvi məqbərəsindən Beşbarmaq dağına, Əshabi-kəfə qədər nə qədər əsrlərdir ibadət yeri olan müqəddəs məkanlarımız var. Bu sektor işlənsə, Bakı İslam dünyasında haqq etdiyi yeri tutmaqla şiəliyi siyasətə alət edən İranın təsirindən getdikcə qurtula bilər.

Nardaranda kimi dindirsən, deyir, kaş prezident xanımı ilə gəlib piri aça. Yaxşı arzudur. Açarı öz əlimizdə olan bütün işlərdə Azərbaycan üçün xeyir var. Arzulara qoşuluruq.

Aygün Muradxanlı
01.09.2020

Kaş bu gün, bu dəmdə, olaydım… Nardaranda

0

I yazı

Adından göründüyü kimi, bu yazı nə rəqib qapısına qol vuran ünlü futbolçular iki dizlərini qazona atıb xaç çevirəndə gözləri dolan, amma İslam dinindən söz düşəndə ağız büzən, nə də oğluna “kiçik toy” edib qonaqlarını “düüd” deyincə içirdən musurmanlar üçündür. Təsvirdə kim özünü gördüsə, qiymətli zamanını boşuna xərcləməsin. Biz düşüncə ortaqlarımızla davam edək…

Bir az uzaqdan başlayım – uşaqlığımdan. Bu gecə – Aşura axşamı Şamü-qəribanda indi olmasın, nənəmlə Nardaran pirinə gedərdik. Göy köynəkli, qırmızı furajkalı milislərin yanından keçib torpaq yolla əhli-beytdən 7-ci imam Rzanın bacısı, 8-ci əsrdə ərəblərin əlindən qurtulub bacısı ilə Bakıya sığınan Rəhimə xanımın məzarı üzərində əhəng daşından tikilən yastı türbəyə yaxınlaşardıq. Yüzlərlə insan olardı orda. Sıra ilə məqbərənin tağlı, alçaq qapısından girib Rəhimə xanımı və zövcəsini ziyarət edərdik. İçəridə yerdə oturub ayaqlarının üzərinə döşəkağı sərən qadınlar asta, yanıqlı səslə mərsiyə deyərdilər. Biz də hərdən oturardıq orda.

“Necə qan ağlamasın daş bu günə,
Kəsilib 72 baş bu gün”…

Deyilişlərdə, oxunuşlarda fars ləhcəsi, aşırı zarıltıya bənzər fars avazı əsla hiss edilməzdi. İmam Hüseyn üçün elə öz dilimizdə ağlaşma qurulardı. Mollabacının ardınca qadın xoru sinələrinə, dizlərinə astadan vuraraq beytləri təkrarlayardı. Əsl sinə vurmaq ertəsi gün olacaqdı, bu, sanki sabahkı havaya “düşmək” üçün hazırlıq idi. Mərsiyyələr, nohələr bir-birini əvəz etdikcə, onları oxuyanlar, dinləyənlər də dəyişərdilər. İnsanlar təziyəyə daha çox insanın qatılmasına şərait yaratmaq üçün 15-20 dəqiqədən sonra kiçik hücrəni tərk edən, yerlərini başqalarına verərdilər. Amma qətl sınana qədər evinə dönməyənlər də olurdu.

Çıxışda türbənin ətrafında 7 dövrə vurar, sonda hisdən qaralmış divarında şam yandırardıq. Dövrələri mütləq mən sayardım. Amma mənimçün orda ən maraqlı olan nənəmin niyyət edib yandırdığı şamı divardakı saysız-hesabsız şamların sırasına səliqə ilə yapışdırmaq idi. Elə bilirdim, şam yandırmaqla hekayəsini onun anlatdığı qədər bildiyim İmam Hüseyn müsibətində haqq olanların yanında yer alıram.

Çoxlu tanışlar görərdik orda. Qonşularımızı, qohumlarımızı, qohumlarımızın qonşularını. Salamdan dərhal sonra hamı bir-birinə “Allah əcr versin” deyərdi. Nəzir deyənlər halvayuxa, halvaçörək paylayardılar. Rituallardan biri də pirin həyətindəki quyudan su içmək idi. Parçı yerə qoyanda hər kəs “Yezidə lənət” oxuyardı.

Onda yaşlı bakılı qadınların çoxu, qara çarşab örtərdilər. İndiki İranvari, ərəbvari örtüyə bənzəmirdi o. Qara, parıltılı çarşabın “ətək”lərini iki qollarının üstünə atar, sonra əlləri ilə çənələrinin altındakı hissəni tutardılar ki, sürüşüb başlarından düşməsin. Heç paltarlarının balağı da indiki hicablılar kimi yer süpürmürdü. Eşitmişdim ki, Naxçıvan xanımları Bakılıların əksinə ağ çarşab, şal örtürlər. Sovet televiziyalarında belə şeylər göstərmirdilər deyə, ancaq tanış-bilişdən, görənlərdən eşidirdik.

Nənəm çarşabsız idi. O, ya tirmə, ya da qara, üzəri ipək sapla işləməli şalla gəzirdi. Xanımlar örtüklərini hər düzəldəndə o dönəm qadınların ən çox işlətdiyi “Krasnaya Moskva” ətrinin qoxusu ətrafa yayılırdı. Ətrafı elə bütün mənalarda “qırmızı Moskva” sarsa da Moskvanın əmrində olan milislər İmam Hüseyn məclisinə gələnləri nə qovurdular, nə incidirdilər. Bir məktəb yaşlı uşaqlar tək gələndə onları geri qaytarırdılar. Pirin həyətində də nə çox “nenə-boba”, bir dövrə vurub qoşulub birinə keçirdilər içəri. Qollara mətəm əlaməti nazik qara parça bağlanardı – bilərzik kimi. Məsciddə, pirdə təziyədə olanları biləklərindəki qaralardan tanıyırdıq.

Hər il Aşuradan qabaq “hökumət işində” işləyənlərə məscidlərdə, pirlərdə görünməmək xəbərdarlığı edilirdi. Ona görə, məmur-filan az görünərdi oralarda. Gələn olsa da, onları saxlayıb, televiziyanın “bu pirə, məscidə gedib” reportajında baş rola çəkmirdilər. Hətta eşidirdik ki, kommunist liderlər də əza günlərində pirə nəzir göndərirlər. Gah deyirdilər, sürücüləri gətirir, gah deyirdilər, qohumları.

Pirin yerləşdiyi qəbristanlığın darvazasından çıxıb geri dönən axına qarışar, havanı bürüyən hədik qoxusunu yara-yara evimizə yol alardıq. Milislər bütün yola nəzarət edirdilər. “Sirenalar”la əhalini narahat etmədən, dəyənəkləri vətəndaşın gözünə batırmadan. Vəziyyətə əsas nəzarət həm də qılıncının dalı-qabağı kəsən “KQB”də idi.
“İmamın üçü”nə qədər Nardaran pirinə axın azalmırdı. Qələbəlik bir də “40-da” görünürdü. Onda biz ateist bir rejimin idarəsi altında yaşayırdıq. Üstündən az qala 40 il keçib, indi biz müstəqil Azərbaycanın vətəndaşlarıyıq. Ancaq Nardaran pirinə gedə bilmirik.

İllərdir tolerantlığımız haqqında az qala özümüzün də inanacağımız nağıllar uydurmuşuq. Burda pravoslav da, katolik də, lüteran da, musəvi də, bəhai də, atəşpərəst də bizdən, bu ölkəni dövlət, bu torpağı Vətən edənlərdən inanc məsələsində daha azaddır. Niyələr, çünkilər haqqında düşündüklərimi ikinci yazıda yazacam…

Aygün Muradxanlı
30.08.2020

Cırıltı və çığırtı

0

Bir neçə nəfər var, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevi haqq etdiyi kimi yad edən jurnalistləri, siyasi fəalları sosial şəbəkələrdə hədəf alır, keçmişi eşib-qurdalayıb bir çöp tapır, ondan “qılınc” düzəldir üzərlərinə gedirlər. Arqumentləri də nəymiş?… niyə bu vaxta qədər bugünün tənqidçiləri “boz cardinal”ı tənqid etmirlərmiş… Ona-buna o qədər hücum edirlər, hər cümlələri ilə öz saxtakarlıqlarının neçə ifşa olunduğundan xəbərləri yoxdur. Amma özlərindən başqa hər kəs toy həngaməsindən sonra Ramiz Mehdiyevə “səni qoruyuruq” mesajı verdiklərinin fərqindədir.

Aralarından biri var – Aslan İsmayılov. Sumqayıt olaylarından sonra Kremlin Bakıya “atdığı” yararsız bomba. Hər dəfə öhdəlik üzrə sahiblərinə “pusaat partdadajam” desə də partlada bilmir, ocaq üzərindəki boş çaydan kimi pıqqıldayıb qalır. Özünü vəkil kimi təqdim etsə də, daha çox beynəlxalq fırıldaqçı kimi tanıyır. 1992-ci ildən ölkənin aparıcı media orqanlarının siyasət şöbələrində çalışıram, hələ 1 dəfə də bu adamın adının sağlam bir prosesdə keçdiyini görməmişəm. Qarabağ savaşı başlayanda Kremlin Azərbayana qarşı ən böyük təxribatlarından biri olan Sumqayıt hadisələrini gənc bir azərbaycanlının boynuna yıxıb ona ölüm hökmü tələb edən prokurordan başqa nə gözlənilər ki? Sonradan Mənsur İbayev həmin gəncə cəmi 4 il azadlıqdan məhrumetmə cəzası kəsmişdi. Ölüm hökmü hara, 4 il cəza hara? Erməni etsə, deyərsən, düşməndir. Beləsinin adı nədir?..

Azərbaycan cəmiyyətinin hər zaman sayğı göstərdiyi, haqqın yanında dayandıqları üçün böyük nüfuz qazanmış, müstəqil Azərbaycanda vəkillik institutunun formalaşması üçün ömür sərf etmiş vəkillərimiz var – İsaxan Aşurov, Elton Quliyev, Əsabəli Mustafayev, Adil İsmayılov, Ənnağı Hacıbəyli, onların yetirmələri… Dünyadan köçənlərə rəhmət, qalanlara can sağlığı. Bu sayğıdəyər insanların vəkillik etdiyi və Azərbaycanın məhkəmə tarixində ədalət uğrunda mübarizənin şanlı səhifəsi kimi qalacaq neçə məhkəmə prosesini işıqlandırmışam, hamısı ilə tanışlığımız var, birinin dilindən Aslan İsmayılov haqqında bir kəlmə xoş söz eşitməmişəm. Nə vəkil, nə insan kimi. İddia etdiyi kimi, dünya şöhrətli vəkildirsə, kolleqalarından bir salam verəni olaydı…

Hörmətli vəkillərdən Adil İsmayılov iki gün öncə onu debata çağırıb. Cəsarəti çatır, çıxsın. Facebook-da onun əsl simasına bələd olmayanların qarşısında bişmiş toyuğu uğunduracaq, rabitəsiz, heç bir hüquqi məsuliyyət yaratmayan nitqlə əsib-coşmağın nə faydası var?

Harda şər var, xəta var, şantajla zənginlərdən pul qoparma var, İsmayılovun adı orda keçib. Birini hədəf aldısa, 100 faiz umacağı var. Onun müvəkkillərindən bir nəfər tapın ki, desin, Aslan İsmayılov hüquqlarımı axıra qədər qoruyub. Vəkillik tarixçələrinin hamısı bir-birinə bənzəyir – özünü ictimai fiqur, bahalı vəkil kimi təqdim edir, qabaqcadan müvəkkilindən çox ciddi para alır, yaxşı halda işi ortada qoyur, ənənəvi halda da qarşı tərəflə işbirliyinə keçib onlardan da yüklü pul alır. İnsanlığa da, vəkilliyə də, verdiyi sözə, yediyi çörəyə də xəyanət edir.

Beynəlxalq fırılqdaqlarının siyahısı da uzundur. Yazının sonunda bir link paylaşacam – türk iş adamı, qardaşı Gürcüstanda həbs edilən Hızır Ekşi ilə olan hekayəsidir. Özətini deyim. Bir türk, “qardaş” deyib Aslandan (ada bax da… taleyin ironiyası…) imdad istəyib, İsmayılov özünü Gürcüstan iqtidarı ilə yaxın göstərib, “40 min dollar ver, qardaşını çıxaraq” deyib, oğlunu Tiflisə göndərib 40 mini alıb, sonra adəti üzrə qeybə çəkilib. Vəkil… Erkək…

Hardan baxsan, hərəkətlərində bir erməni simpatizanlığı var. Sumqayıt olaylarında Moskva onu Bakıya necə kodlaşdırıb göndəribsə, başında qalıb. Aslan İsmayılovun övladlarına qoyacağı ən böyük miras nazirlərdən, komitə sədrlərindən, icra başçılarından, iş adamlarından, aldatdığı müvəkillərindən şantaj yolu ilə qopardığı maddi sərvət deyil, erməni sevdasıdır. Gürcüstanda fəaliyyət göstərən “Yeni Liderlər Təşəbbüsü” adlı qurumun rəhbəri, əslən erməni, bir zamanlar Kaliforniya Erməni Tələbələr Asossasiyasının başçısı Kristina Puşau Ziyəddin Aslan oğlu İsmayılovun can-ciyəridir. Birlikdə layihələr həyata keçirir, Qafqazı “çiçəkləndirirlər”. Ot kökü üstə bitər, təbii…

“Çolaq atın kor nalbəndi” misalı Ramiz Mehdiyevi indi belə bir “vəkil” müdafiə edir. Guya üstüörtülü, guya bilinmədən… Onun günahlarını və qanunsuz əməllərini tirajlayanları susduqmağa cəhd edərək. Amma əsl niyyəti, məqsədi illər öncə biət etdiyi Ramiz Medhiyevə sədaqətini bir daha göstərməkdir. Bütün hərəkətləri “bilmək olmaz nə olacaq…” düşüncəsinin onu bir an belə tərk etmədiyi göstərir.

Nədir bu “bilmək olmaz”? Azərbaycan dövlətinin müstəqilliyi əleyhinə, onu sarsıtmaq, yıpratmaq, asılı etmək üçün çalışanların yenidən siyasi səhnədə üstün mövqe qazanması ehtimalı. Birmənalı… Çünki Aslan İsmayılovu və onun kimi cəmiyyət ziyanvericilərinin qidası məhz bu komandadandır. Onlar idarəetmədən uzaqlaşdırıldıqca, bunların da meydanı daralır. Boğulurlar. Boğazlarından çıxan cırıltı da, çığırtı da ondan yaranır.

Böyük təəccüb və təəssüf doğuran məsələlərdən biri də bu gün əllərində yüksək səlahiyyətlər varkən ölkəyə bələd olmayanların Aslan İsmayılova dil verməsidir. Bir neçə həftə öncə Prezident Administrasiyası rəhbərinin ziyalılarla görüşündə Aslan İsmayılovun boy göstərməsi yəqin çoxlarını təəccübləndirib. Min bir hoqqa ilə korrupsiyadan qidalanan məmurların boğazına ortaq olan, iş adamlarını şantaj edən, müvəkkillərinin etibarından sui-istifadə edib onların mənafelərini zərbə altında olan birisi ziyalı… Maraqlıdır, onun dəvəti kimin təşəbbüsü olub? Bu ölkədə hələ çox şey düzəlməlidir…

Uzun illərdən sonra ayağı PA-ya dəyib deyə, necə xoşbəxt olubsa, ordan çıxandan yetənə yetir, yetməyənə daş atır, “ziyalı”. Bu nə ağıl, nə məntiqdir belə? Bu gün söyür, sabah tərifləyir, bu gün dağıdır, sabah yaltaqlanır… Hə, bir də cəmiyyət nəyi müzakirəyə çıxarsa, deyir, “onu birinci mən demişəm”. O qədər havalandırılıb ki, “Romanı kim yandırdı” soruşsaq, deyər, “mən”. Frekanslar ciddi qarışıb…

Aslan İsmayılovu ziyalı adı ilə Administrasiyaya çağıranlar və onun bərbad imajının reabilitasiyasına şərait yaradanların diqqətinə “Azərbaycan” qəzetində Ramiz Mehdiyevə ünvanladığı “Mənəviyyat manifsti” mədhiyyəsindən bir abzasıçı çatdırım:“Sizin çıxışınız həqiqətən İxtiyar Hüseynli yazdığı kimi mənəviyyat manifestidir və tarixdə qalacaq. Bu tipli yazıları daim izləyən biri kimi deyirəm ki, bu günə qədər heç bir müxalifət, vətəndaş cəmiyyətinin nümayəndəsindən ölkədəki acınacaqlı vəziyyəti bu cür açıq təsvir edən ikinci yazı oxumamışam”. Nədir bu? Ramiz Mehdiyevə “keç müxalifətin başına” çağırışı. Açıq, aydın…

Azərbaycanı öz qara əməlləri ilə zülmətə bürüyənlərə mədhiyyə yağdırmağın bir bədəli olmalıdır. O komanda yola salınırsa, onları qidalandıranlar, dəstək verənlər, mədhiyyə deyənlər, tazılıq edənlər hamısı Azərbaycanın ictimai-siyasi səhnəsindən silinməlidir. Köhnəliyi və “köhnə”ləri bağrına basıb Azərbaycandakı dəyişikliklərin qarşısına kötük itələyənlərə yerlərini göstərməyənə qədər heç nə dəyişməyəcək.

P.S. http://azpolitika.info/?p=320902&fbclid=IwAR1K6U5vIujvgNBALoyPPAOv1R7x4i9yxBqAJiHsUltoJB82X1uShcAkiHM

P.P.S. Bu arada, Aslan İsmayılov FB səhifəsindəki “efir”ində 2 gündür israrla susur. Lap bəlli toya gedənlər kimi…

Aygün Muradxanlı
27.08.2020

R.Mehdiyev adına məhbus ailəsi

0

Neçə könüllü var?

İqtidar komandası içərisində baş verən çəkişmələrin Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və onun komandasını məğlub etməsi ölkədə uzun illərdir görünməyən ovqat yaradıb. Boz kardinalın öz rənginə boyadığı ölkə havasından əziyyət çəkən hər kəs sevinc içərisindədir. İnsanlar sanki uzun illərdən sonra Şərə qalib gəliblər, “Divin” şüşənin içərisində olan ürəyini ələ keçiriblər. Hərə Mehdiyevin sındırılmasını və haqq etdiyi şəkildə cəzalandırılmasını öz çapına uyğun tərif edir – ironiya, tənə, söyüş, qarğış, karikatura… millət Mehdiyev xofundan illərdir içərisində saxladığı bütün yaradıcı potensialı üzə çıxarıb.

Hakimiyyətin yaxın günlərə qədər rəqiblərinə qarşı artelleriya kimi qullandığı Siyavuş Novruzovun “müsibəti” isə böyük ehtimalla, hələ uzun illər satqınlığın, boşboğazlığın fəlakət dərəcəsində pis örnəyi kimi dillərdən düşməyəcək. Əfqanıstan prezidentin Nəcibulladan medal aldığını, Əfqanıstanda Sovet Ordusunun kəşfiyyat rəislərindən biri olduğunu iddia edən Novruzovun adekvatlıq dərəcəsinin hakimiyyət sözçüsü normasından çox-çox aşağı olduğunu çox adam görür və dərk edirdi. Amma himayəçisi hələ gücünü qoruya bildiyindən ölkə iqtidar düşərgəsinin mövqeyini onun dilində eşitməyə məcbur idi. Əgər adekvatlıq dərəcəsinin şkalası yerindən tərpənmiş olsaydı o, toya dəvət edilməsilə bağlı detalları açıb siyasi karyarasını birdəfəlik məhv eləməzdi.

Novruzov elə böyük səhv edib ki, artıq hakim partiya içərisində onun deputat mandatının da alınması ilə bağlı fikirlər səslənməkdədir. YAP-dan gələn xəbər axını yaxınlarda partiya qurultayının keçirilməsi ehtimalını da yüksəldir. Yada salaq ki, sonuncu dəfə iqtidar partiyası 2018-ci ildə qurultay keçirib. Əgər YAP yaxın həftələrdə qurultay qərarı versə, yarandığı gündən ilk dəfə vitrini köklü şəkildə dəyişəcək. Çünki köhnə komanda ilə yeni dönəm yaratmağın mümkünsüzlüyü artıq gün kimi aydındır. İndidən deyə bilərik ki, Ramiz Mehdiyevə sığınanlar qurultayda yalnız pandemiya səbəbilə maskalı oturmağa məcbur olduqları üçün nəfəs darlığı yaşamayacaqlar…

1993-cü ildən bu yana Azərbaycana rəhbərlik edən YAP komandasında sonuncu ciddi təlatüm 2005-ci ildə baş verib. O təlatüm partiyanın qurucularından və məhrum prezident Heydər Əliyevin hakimiyyətə gəlməsində müstəsna xidmətləri olan Əli İnsanovun və YAP-ın gənc və perspektivli kadr kimi irəli çəkilən üzvü Fərhad Əliyevin həbsi ilə sonuclanıb. 15 il öncəki olayların üzərində sürətlə keçərək bir məqamı vurğulayaq ki, Fərhad Əliyev uzun həbs həyatından sonra siyasi səhnəyə dönmədi, Əli İnsanov isə siyasi partiya yaradaraq narazıları çevrəsinə toplamaqla məşğuldur. Ancaq onun siyasi səhnədə bəzilərinin gözlədiyi kimi yeni axın yaradacağı hələlik görünmür. Həbsdən çıxandan sonra 2-3 siyasi bəyanatı ilə gündəm yaratmağa cəhd edən İnsanov HƏP-i qurandan sonra daha susqundur. Bunu onun hakimiyyətlə anlaşması kimi dəyərləndirənlər də var. Susqunluğun səbəbini İnsanovun xəyallarını gerçəkləşdirmək üçün uyğun zaman gözləməsi, yaranan fasilədə “vurulanlarla” danışıqlar aparması ilə bağlayanlar da var. Siyasət birxətli olmadığı üçün hər iki ehtimal baş verə bilər. Hər halda, İnsanov “köhnələrin” təmsilçisidir və çıxışlarındakı vurğudan da aydın görünür ki, hakimiyyət komandasını bütövlükdə hədəf almadan, iç çəkişmələrdə regionçuluq faktorunu qabardanlara ara-sıra mesajlar göndərir. İqtidar partiyasından uzaqlaşdırılanların siyasi səhnədə qalmaq, eləcə də İnsanovun timsalında “lap köhnələr”lə işbirliyi qurmaq imkanlarının dərəcəsi yaxın həftələrdə baş verən proseslərdə bilinəcək.

İndilik görünən odur ki, prezident İlham Əliyev ən kiçik yanlışlığı belə bağışlamaq fikrində deyil – özfəaliyyətlər çox sərt cəzalandırılır. Karantin dönəmində toy etməklə inzibati xəta törətmiş Mehdiyev ailəsi üzvlərinin məhkəməyə qandalda gətirilməsi iqtidar qəzəbinin pik nöqtədə olduğunu göstərdi. Prezidentin yaxın çevrəsinin vurulanlar haqqında çox sərt ittihamlar irəli sürməsi də bunu sübut edir. Milli Məclis sədrinin müavini Adil Əliyevin Goranboy cəbhəsində həbs edilən erməni kəşfiyyatçısının ələ keçirilməsinə “daha düşmənlə birlik olub üzərimizə gələ bilməyəcəklər” deməsi çox ağır ittiham olmaqla yanaşı onu göstərir ki, Ramiz Mehdiyevin iqtidar qarşısındakı günahı nəvəsinə toy etməkdən çox-çox böyükdür.

Hələlik Mehdiyev bu ittihama cavab verməyib. Ancaq toy və Səyavuş Novruzovun açıqlamalarına cavabı belə düşünməyə əsas verir ki, uzun illərin saray yönəticisi həyatının ən çətin dönəmini yaşayır və dəngəsini itirdiyi üçün özünü təmizə çıxarmaqdan ötrü verdiyi açıqlamalar əks effekt yaradır, onu daha dərin sularda batırır. Qurduğu, tam nəzarətdə saxladığı, intriqalarla idarə etdiyi və hüceyrələrinə qədər bələd olduğu iqtidar artıq onun sistemindən çıxıb və öncə onun özünü hədəf alıb. Hakimiyyət bütün arsenalı ilə onun üzərinə gəlir.

Sözsüz ki, Ramiz Mehdiyev bu münasibəti haqq edib. O, Azərbaycanın xarici qüvvələrdən asılılığını təmin edən əsas fiqur olub (vitse-spiker Adil Əliyevi dili ilə iqtidar bunu artıq açıq deyir), korrupsiya və rüşvət maşınının başında durmaqla eybəcər idarəetmə forması yaradıb. Vətəndaşı hakimiyyətdən narazı salan icra başçılarından nazirlərə, deputatlara qədər hansının dosyesini incələsək, vəzifəyə Mehdiyev xətti ilə gəldikləri ortaya çıxar. Belə bir durumda, iqtidarın Mehdiyev tör-töküntülərini hakimiyyətdən tam uzaqlaşdırmaq üçün ən sərt cəza metodları seçməkdən başqa çıxış yolu qalmır. Yumşaq davranış onlara yenidən revanş şansı qazandırar…

Prezident İlham Əliyevin “köhnələr”lə mübarizədə ən böyük üstünlüyü vətəndaşın bu prosesdə ona və yeni komandasına çox güclü dəstək verməsidir. Fiziki ömürlərinin ciddi bir hissəsini yaşasalar da hakimiyyətdə öz ailə üzvləri vasitəsilə əbədi qalmaq istəyənlərə qarşı savaş açıq müstəviyə keçdikcə prezident İlham Əliyevi müdafiə edənlərin sayı artır. Çünki artıq belə davam edə bilməz. Azərbaycan bundan artıq yıpradıla bilməz.

Korrupsiya yolu ilə əlində nəhəng kapital toplayan keçmiş hakimiyyət ortaqlarının nüfuz dairələrini sürətlə daraltmağın yollarını iqtidar çox gözəl bilir. Onları sıradan çıxarmağın yollarından biri də ölkədə şəffaflıq mühitinin yaradılmasıdır. Şəffaf mühitinin işığı qaranlıq əməllərinə düşdükcə üzərinə duz səpilmiş ilbizə dönürlər.
Vətəndaşın gözləntisi isə Azərbaycan dövlətinə qarşı kirli planlara ortaq olanların, onların ailə üzvlərinin, idarəetməyə yerləşdirdikləri “mina”ların sürətlə vəzifədən kənarlaşdırılmasıdır. “Bununla narazıların sayı artacaq” deyənlərin isə ağzından vurmaq gərəkdir. Ramiz Mehdiyevin kürəkəninin qandallandığı gün qəfil efir mikrafonları ilə üzləşən hakimiyyət mənsublarının qorxu dolu gözləri, yuxarı-aşağı gedən hulqumlar “deyir” ki, ehtiyac yaranarsa, 3-5 səs-küylü həbs narazılıq eşqinə düşənlərin həvəsini tamamilə öldürmək gücündədir. Ağlı başında hansı məmur, ya da eks-məmur iqtidarla uzlaşmağı qoyub Ramiz Mehdiyev adına məhbus ailəsinin üzvü olmağı seçər?

Azərbaycan kimi ölkələrdə islahatın başqa yolu olmur. Tam sürətlə irəli…

Aygün Muradxanlı
25.08.2020

5-ci kolonda toy

0

Hakimiyyət yeri gələndə radikal qərarlar və sərt cəzalar olmadan idarə oluna bilməz. 1993-cü ilin yayında Azərbaycan cəmiyyəti hakimiyyətə qarşı gələn qüvvələrin zamanında cəzalandırılmamasının acı nəticələrini görüb və bu gün yaşadıqlarımızın kökü elə həmin günlərə dayanır. Bu səbəbdən uzun illərdir Azərbaycanın boğazında tıx kimi ilişib qalmış Ramiz Mehdiyev ailəsinin karantin qaydalarını pozduqlarına görə məhkəmə qaydasında cəzalandırılması vacib addım idi.

Sözsüz, Ramiz Mehdiyevin hökumətin martdan gördüyü tədbirlərə vurduğu zərbənin qarşısında kürəkəninin 15 sutka həbs edilməsi çox yumşaq cəzadır. Bölgələrdə xeyir, şər mərasimi keçirənlərə yüksək cərimələr, 30 sutkalıq həbs cəzaları verilirsə, Mehdiyevlərə ayrıcalıq tanınmamalıydı. Ancaq… bu, məsələnin görünən tərəfidir. Görünməyən tərəflərinin səsi sonra çıxacaq. Necə deyərlər, toy indi başlayır.

Azərbaycanda iqtidardaxili və hakimiyyətlə vətəndaş arasında gərginlik yaradan “nəvə toyu” bir daha onu göstərir ki, ölkədə təbəqələşmə ifrat həddə çatıb. Uzun illər hakimiyyətdə təmsil olunanlar qanunları ayaq altına atmaqdan çəkinmir, özlərini ali irq kimi aparırlar. Belə olmasaydı, vəzifədə olanlar və olmayanlar Ramiz Mehdiyev ocağının başına pərvanə kimi fırlanmazdılar.

Keçmiş deputat, Administrasiya rəhbərinin kürəkəni İlham Əliyevin qolları qandallanana qədər çoxları məsələnin bu qədər ciddi olacağına inanmırdı. Hər zaman özəl münasibət, xüsusi imtiyaz sahibi olan Ramiz Mehdiyevin xoş günündə belə sındırılması, rəsmən “məhbus ailəsi” statusu ilə “şərəfləndirilməsi” çoxlarına hələ də röya kimi gəlir. Hətta bunu açıq yazanlar da var. Biri Azərbaycanın rusdilli mediasının başında gedən Haqqın.az-ın baş yazarı Eynulla Fətullayev.

Ailə qurmaq məqsədilə düzənlənən, amma hakimiyyəti içəridən silkələyən toyu FB səhifəsində şərh edən Fətullayev baş verənləri qorxulu yuxuya bənzədir, daha sonra yazır ki, Ramiz Mehdiyevin kürəkənini qandallamaq Stalinin oğlunu həbs etməyə bərabərdir… Maraqlıdır, Prezident Administrasiyasının artıq keçmiş rəhbərini Eynulla Fətullayev niyə əcinə kimi təqdim edir? Bildiyimiz qədərilə, nə Mehdiyev dövlət başçısıdır, nə güc strukturları AMEA-ya tabedir. O zaman Mehdiyev niyə Stalin olsun ki?

Maraqlı tendensiya həm də odur ki, indi yalnız hakimiyyətə yaxınlığı ilə tanınan media quruluşları deyil, üzdə olan siyasilər də Mehdiyevlərin toyu haqqında ehtiyatla danışırlar. Havada tutduqları xəbərləri sağına-soluna tirajlayanların səsi çox yavaşdan gəlir. Milli Şura və çevrəsindəki media resurslarının çoxu da sözügedən toyu yumşaq desək, həvəssiz işıqlandırıblar. Hətta olaylara operativ reaksiyası ilə seçilən AXCP sədri Əli Kərimlinin də səhifəsində baş verənlərə münasibət görünmür. Bu gün o, yalnız Fəxri Xiyabdandan canlı efirə çıxıb, eks-prezident Əbülfəz Elçibəyin vəfatının 20-ci ildönümü ilə bağlı paylaşım edib. Avqutun 22-si saat 17-yə olan reaksiyalar belədir.

Milli Şura sədri Cəmil Həsənli də susqundur. Gültəkin Hacıbəyli mövzunun “yanından keçən” bir status yazıb, Ramiz Mehdiyevə verilən imtiyazlardan sıravi vətəndaşlar üçün də istəyib. Toy hələlik müxalifət düşərgəsinin ünlü təftişçilərindən Sevinc Osmanqızının da gündəminə gəlməyib. Başqa zaman o, belə bir “şadyanalığı” dərhal efirə çıxarar və qılıncı kəsdikcə iştirakçıları “doğrayardı”. Ancaq nə qılınc var, nə qılınclanan. Yəqin yaxınlarda bu yanaşmanın eytiyatlılıq, yoxsa, keçmiş, ya da gələcək perspektivlərlə bağlı olduğunu anlayarıq.
Liderlər susqun olsa da, çevrələri çox aktivdir. Müxalifət düşərgəsinə yaxından-uzaqdan bağlılığı olanların hər biri Mehdiyevin kürəkənin həbsini hakimiyyət içərisindəki çəkişmə kimi qiymətləndirir, “boş şeydir”, “görüntü yaradırlar” kimi qiymətləndirirlər, eyni zamanda da Mehdiyevin cavab atəşinə hazırlaşdığı haqqında iddialar səsləndirirlər.

Təbii, gördüklərimiz və inanmağa çətinlik çəkdiyimiz hakimiyyət içərisində çəkişmənin görüntüsüdür, ancaq faktiki vəzifəsi AMEA-ya rəhbərlik olan Mehdiyevin hardan güc alaraq cavab atəşi açacağı gerçəkdən də çox maraqlı məsələdir. Ondan da maraqlısı müxalifətin bu haqda israrla iddialar irəli sürməsidir. Görünən odur ki, qurulan kombinasiya çoxgedişlidir.

Uzun illər hakimiyyətin aparıcı qüvvəsi olan Ramiz Mehdiyev karantin günlərində nəvəsinə toy etməklə hakimiyyətə meydan oxuyub. Demək, hansısa gücə arxalanıb. Onun dəvətini qəbul edən toya gələnlər də səflərini bəlli ediblər. Bu sabotaja qoşulmaq istəməyənlər bəzi keçmiş məmurlar kimi, xəstələnib ölkədən gedə bilərdilər. Getməyiblərsə, demək, bu addımı şüurlu atıblar. Akademik titulu ilə özünə elm adamı görüntüsü yaratsa da nəhəng biznes imperiyasına sahib Abel Məhərrəmovun şüursu addım atacağına kim inanar?

Abel Məhərrəmovun keçmiş administrasiya rəhbərinin qarşısında ikiqat dayanıb xalqın adından danışması açıq-aydın vurulmuşların bir araya gəlib Mehdiyevə biət etməsi görüntüsü yaradırdı. Bəlkə də özünü “çaxır çəlləyində” batıran Məhərrəmov Ramiz Mehdiyevə xilas kəməri kimi baxır? Onu da yaxınlarda anlayacağıq.

Keçmiş baş prokuror Eldar Həsənovun həbsindən öncə prezident İlham Əliyev bir neçə çıxışında 5-ci kolondan söz açıb, onun uzantılarının həm hakimiyyətdə, həm müxalifətdə olduğunu vurğulayıb. Eldar Həsənovun həbsindən sonra ictimai mühitdəki “qaynamalar” sübut edir ki, 5-ci kolonun koordinatları doğru göstərilib. İndi hər fürsətdə boy göstərirlər. Hətta toyda da. Bir azdan bağlar çözüləcək.

Aygün Muradxanlı
22.08.2020