Çağdaş dünyada savaşı informasiya siyasətini düzgün quran tərəf qazanır. Bu artıq onlarla misalda təsdiqlənmiş gerçəklikdir. Ermənistan Tovuzun Ağdam kəndinə hücum etməzdən öncə Azərbaycanı güclü dezinformasiya atəşinə tutmaqla sübut elədi ki, savaşı yalnız silahla yox, sözlə də aparır. Hərbi əməliyyatlar başlayana qədər Azərbaycan tərəf yayılan “dezo”lara qeyri-rəsmi səviyyədə “yalandır”, “heç bir itki yoxdur”, “bizi təxribata çəkmək istəyirlər” deməklə cavab verdi, hərbi əməliyyatlar genişlənəndə isə yenə xəbər xaosunun içərisinə düşdük.
Kimliyi bilinməyən şəxslər sosial şəbəkələrdə “savaş xəbər”lərini ildırım sürətilə ölkəyə yaydı. Müdafiə Nazirliyinin rəsmi xəbərləri “kəndlər boşalıb”, “ermənilər ordumuzun neçə mövqesini alıb”, “Qarabağda döyüş başlayıb” konteksində səs yazılarının fonunda eşidilməz oldu.

Bu məsələdə iki arzuolunmaz məqamın üzərində dayanmağı vacib sayırıq. Bunlardan birincisi vətəndaş mediasının yaydığı bilgi və görüntülərin sürətlə internet portallarında yerləşdirilməsi, digəri isə blogger və jurnalistlərin döyüş bölgəsinə axışması idi. Savaş dönəminin informasiya siyasətindən tamamilə xəbərsiz şəxslərin hərbi əməliyyatlara yaxın ərazilərdən canlı efirə çıxması çox ciddi məsuliyyətsizlik olmaqla bərabər Ermənistan kəşfiyyatı üçün informasiya qaynağına çevrilə bilər.

Həmin bloger və internet televiziyaları təmsilçiləri içərisində xarici ölkələrə bağlı olanların varlığı təhlükəni bir qədər də böyüdürdü. Çox təəssüf ki, bu gün Azərbaycanın media məkanında özünə jurnalist adı ilə yer edən xeyli insan söz azadlığı adı altında əslində cəmiyyətə ziyan vurmaqla məşğuldurlar. İnternet məkanının qanunla tənzimlənməməsi isə onlarla bağlı hər hansı hüquqi tədbir görülməsinə imkan vermir.

Müdafiə Nazirliyinin media təmsilçilərinə, eləcə də bütün vətəndaşlara ünvanlanan maarifləndirici məlumatları, professionalların sosial mediadan, telekanallardan çağırışları, eləcə də hüquq-mühafizə orqanlarının döyüş bölgəsinə nəzarəti gücləndirməsi təxminən 1 gün sonra bu məsələdə az da olsa nizam yaratdı.
Dünyanın heç bir savaş aparan ölkəsində xarici informasiya agentliklərinin təmsilçiləri Xarici İşlər Nazirliyinin xüsusi akkreditasiyası olmadan döyüş bölgəsinə gedə bilməz. Bu, baş verərsə, həmin şəxsin akkreditasiyası ləğv edilməklə hətta ölkədən çıxarıla bilər. Bu, həm jurnalist heyətinin təhlükəsiliyi, həm də ölkənin informasiya təhlükəsizliyi üçün vacib şərtlərdən sayılır.

Söhbət heç bir halda informasiyaların məhdudlaşdırılmasından getmir. Aydındır ki, informasiya boşluğu həm ölkə daxilində, həm də kənarda çox sayda dezinformasiyanın yayılmasına imkan yaradır. Bu baxımdan cəbhə bölgəsindən hərbi əməliyyatlar, döyüş şəraiti, eləcə də mülki əhalinin durumu ilə bağlı informasiyaların yayılması ardıcıl xarakter daşımalı və düşmən tərəfin şayiələrinə adekvat olmalıdır. Çünki yuxarıda qeyd etdiyimiz kimi, söz savaşı hərbi qələbənin vacib elementlərindəndir.

Bu mənada Xarici İşlər Nazirliyinin ölkədə akkreditasiyadan keçən xarici media təmsilçilərinin cəbhə bölgəsinə səfərini təşkil etməsi müsbət addım kimi qiymətləndirilməlidir. Seyrçi kütləsi əsasən beynəlxalq auditoriya olan həmin media quruluşlarında Ermənistanın Azərbayana qarşı təcavüzü və onun nəticələri haqqında Azərbaycanın maraqların uyğun informasiya resurslarının hazırlanması ərazilərimiz işğal altında olduqca bizim üçün böyük önəm daşıyır.

Jurnalistlərə ekstremal situasiyalarda xəbərlə işləməyi öyrətmək qədər vətəndaşların ölkə üçün gərgin məqamlarda informasiya ilə ehtiyatlı davranmağı aşılamaq vacibdir. Nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır bu məsələ Azərbaycan üçün aktual olaraq qalacaq və cəbhə xəttində atəşkəs, yoxsa aktiv hərbi əməliyyatların olmasından asılı olmayaraq həm jurnalistlərə, həm sıravi vətəndaşlara yönəlik təbliğat davam etdirilməlidir.

Hər bir vətəndaş qaynağını bilmədiyi, rəsmi şəkildə təsdiqlənməmiş səs yazılarını, videogörüntüləri yayarkən ən azı bir dəfə düşünməlidir – bu, hansı məqsədlə yayılıb, mən onu yaysam, ordumuz, əsgərimiz ziyan çəkməz ki?

Aygün Muradxanlı
17.07.2020